Dünən ölüm saçırdı, bu gün çiçək açır - Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirir - ŞƏRH

Hazırda oxunan: Dünən ölüm saçırdı, bu gün çiçək açır - Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirir - ŞƏRH

581547

Silahlı münaqişələr zamanı məğlub ordunun tərk etdiyi şəhər və kəndləri viran qoyub getməsinə "yandırılmış torpaq" taktikası deyirlər. İnsanlığa sığmayan belə əməllər 1977-ci ildə Cenevrə Konvensiyalarına əlavə edilən 1 saylı Protokolla qadağan edilsə də, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan bütün beynəlxalq hüquq normalarını pozduğu kimi, bu qadağanı da heçə sayıb.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanın geridə qoyduğu mənzərə dünyanı dəhşətə gətirib – yer üzündən silinmiş şəhər və kəndlər, məhv edilmiş təbiət, ölüm saçan mina sahələri...

O zaman bu tükürpədici mənzərəni görən bir çoxunun ağlına belə gəlməzdi ki, cəmi 5 il sonra buralarda yenidən həyat qaynayacaq, daşı daş üstə qalmayan evlərin yerində müasir binalar ucalacaq, geniş yollar, körpülər, dəmiryolları çəkiləcək, hava limanları tikiləcək.

Bu gün isə bunların hamısı reallıqdır.

44 günlük Vətən müharibəsi zamanı Zəfərin əldə olunmasında həlledici rollardan birini hərbi əməliyyatların vahid komandanlıq altında, sistemli, əlaqələndirilmiş şəkildə aparılması oynamışdı. Azad edilmiş torpaqların dirçəldilməsi də eyni yanaşmanı tələb edirdi. Elə bu səbəbdən Qələbədən cəmi iki həftə sonra, 2020-ci il noyabrın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün müvafiq Sərəncamla Əlaqələndirmə Qərargahı yaratdı. Vaxt itirmədən hədəflər müəyyən edildi, ərazilərin minalardan təmizlənməsinə, tam yeni, müasir infrastrukturun yaradılmasına, şəhər və kəndlərimizin müfəssəl planlarının hazırlanması və bərpasına başlanıldı.

Ötən müddət ərzində görülmüş işlərin hesabatı iki gün öncə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclasda ictimaiyyətə açıqlanıb.

Bu müddət ərzində həyata keçirilmiş işlərin miqyasını təsəvvür etmək üçün təkcə dövlət başçısının iştirak etdiyi tədbirlərin sayına nəzər salmaq kifayətdir - 569 tədbir, müxtəlif təyinatlı 177 layihənin təməlqoyma mərasimi, 167 obyektin və infrastruktur layihəsinin açılışı. Bu hadisələrin sayını 5 ilin günlərinə bölsək, görərik ki, təqribən hər iki günə bir tədbir, təməlqoyma və ya açılış düşür.
 

Müharibədən sonra Azərbaycanın qarşısında dayanan ilk çağırış minalarla çirkləndirilmiş yüzminlərlə hektar ərazinin təmizlənməsi idi. Lakin Ermənistanın mina xəritələrini verməməsi, verdiklərinin isə qeyri-dəqiq olması işləri çətinləşdirirdi. Buna baxmayaraq, minaaxtarma əməliyyatları ləngimədən davam etdirilirdi – indi minalar insanları öldürmək üçün yox, onları ölümdən qorumaq üçün partladılır.


Eyni zamanda, yol, işıq, su, qaz, rabitə və digər zəruri infrastrukturun yaradılması təxirəsalınmaz fəaliyyət tələb edirdi. Bütün bunlar minatəmizləmə işləri ilə əlaqələndirilmiş və demək olar ki, paralel şəkildə həyata keçirilib.

Prezident İlham Əliyevin azad olunmuş ərazilərə ilk səfərləri zamanı efirdən izlədiyimiz dağılmış, palçıqlı yollar artıq tarixdə qalıb. İndi vətəndaşlar bu yerlərə geniş şaxələnmiş və keyfiyyətli yollarla gedib-gəlirlər. Dağlıq ərazilərdə gediş-gəlişi asanlaşdıran onlarla kilometr uzunluğunda tunellərdə isə son tamamlama işləri gedir. Mövcud yolların bərpası ilə yanaşı, alternativ marşrutların da salınması həm Böyük Qayıdış Proqramının icrası, həm də regionun gələcək inkişafı üçün müstəsna əhəmiyyət daşıyır.
 

Bütövlükdə açıqlanmış statistika göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri sürətinə və miqyasına görə, bəlkə də, dünyada yeganə presedentdir. Cəmi 9 ay ərzində Füzuli Beynəlxalq Hava Limanının inşası, növbəti il Zəngilan aeroportunun açılışı, dağ relyefinin yaratdığı çətinliklərə baxmayaraq, qısa müddətdə daha bir beynəlxalq hava limanının Laçında istismara verilməsi beynəlxalq təcrübədə nadir nümunələrdən sayılır.
Bu gün həmin hava limanlarına azad olunmuş şəhərlərimizdə keçirilən mötəbər beynəlxalq forumların iştirakçılarının, dünya liderlərinin gəldiyi təyyarələr eniş edir.


Eyni zamanda, Bərdədən Ağdam istiqamətində dəmiryolunun inşası təmin edilib, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmiryolu xəttinin istismara verilməsi isə ən qıza zamanda mümkün olacaq.

İnfrastrukturun yaradılması ilə yanaşı, şəhər və kəndlərin bərpası və inşası istiqamətində görülən işlər də diqqət çəkir.

Əlaqələndirmə Qərargahının iclasında bildirilib ki, Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunması real nəticələr verməkdədir. Artıq "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı", 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları isə işlənilmə mərhələsindədir.

Artıq neçə ildir ki, demək olar, hər gün keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının şahidi oluruq. Bu günə olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır, işləyir və ya təhsil alır.

Yeri gəlmişkən, Böyük Qayıdışı təmin etmək üçün prioritetlərdən biri də iş yerlərinin açılması, təhsil və səhiyyə xidmətlərinin təmin edilməsidir ki, bu işdə də nəzərəçarpacaq nəticələr əldə edilib. Bərpa edilən yaşayış məntəqələrində yeni məktəblər, Xankəndi şəhərində isə həm də Qarabağ Universiteti fəaliyyət göstərir.

Cəmi 5 il əvvəl təsəvvür etmək çətin idi ki, tezliklə Ağdam Sənaye Parkında istehsal olunan məhsullar Bakıda və digər şəhərlərdə satılacaq və ya şöhrəti ilə dünyaya səs salmış şəfalı "İstisu" yenidən Kəlbəcərdə qablaşdırılaraq, ixrac ediləcək.

Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı və turizm potensialının istifadəsi istiqamətində işlər görülür ki, bunun da ilkin nəticələri real həyatda hiss olunmaqdadır. Məsələn, Bakıda keçirilən yarmarkalarda Kəlbəcər və Laçın balını görmək artıq heç kimi təəccübləndirmir. Qeyri-iş günlərində Qarabağa üz tutan vətəndaşların sayı isə bölgədə turizm ənənələrinin sürətlə bərpa olunmasından xəbər verir.

Təbii ki, bütün nəticələrin aynası statistikadır və 5 il hesabat dövrü olduğu üçün Əlaqələndirmə Qərargahı həm görülən işlərlə bağlı müfəssəl statistik məlumatları, həm də öz planlarını ictimaiyyətlə bölüşüb. Görünən odur ki, Böyük Qayıdış Proqramının qarşıdakı illərdə daha geniş vüsət alması üçün əlverişli zəmin yaradılıb. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını öz gücü ilə işğaldan azad etdiyi kimi, şəhər və kəndlərimizin bərpasını da mümkün qədər qısa zamanda başa çatdırmaqda qətiyyətlidir. Özü də heç bir kənar yardım gözləmədən. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin