Son vaxtlar orta məktəblərdə baş verən neqativ hallarla bağlı məktəb direktorlarının hərəkətə gəldiyi bildirilir. Əldə etdiyimiz məlumatlara görə bəzi məktəb direktorları şagirdlərə təhsil ocağına mobil telefon gətirməmələrini yasaqlayıb. Bəzi məktəblərdə isə valideynin övladları ilə əlaqə saxlaması üçün şagirdlərin sadəcə adi, smartfonsuz telefon gəzdirmələrinə icazə verilib.
Məktəb rəhbərlərinin bu təlimatı son zamanlar şagirdlərin təhsil ocağında baş verən biabırçılıqları lentə almalı ilə bağlıdır.
Maraqlıdır, telefonla bağlı qoyulan məhdudiyyət problemi həll edəcəkmi? Ümumiyyətlə məktəblərdə şagirdlərin telefondan istifadəsini necə tənzimləmək olar?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı YENİ QAYDALAR hazırlanır
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elşən Qafarovun fikrincə, tədris zamanı smart telefonlardan istifadə nəinki şagirdlərə, müəllimlərə də qadağan edilməlidir:
“Məsələ təkcə hansısa neqativlərin görüntülənməsi deyil. Ümumi olaraq tədris prosesinin gedişatına mane olmamaq üçün bu, vacibdir. Bir məqamı da var ki, pandemiya dövründə distant təhsildən istifadə şagirdlərdə telefondan istifadədə asılılıq yaratdı. Hətta telefonu olmayan uşaqlara valideynlər tədrislə əlaqədar olaraq məcburi telefon almalı oldular. Beləliklə də uşaqların telefondan istifadəsində nəzarətsizlik hökm sürdü. Bu gün şagirdlərin böyük əksəriyyəti smart telefonlarla dərsə gəlir.
Onlar dərs zamanı da telefonla məşğul olurlar. Üstəlik bir çox müəllimlərimiz də dərs zamanı sosial şəbəkələrdədir. Çox arzulayardım ki, məktəb rəhbərləri dərs zamanı şagirdlərlə yanaşı müəllimlərə də telefondan istifadəyə məhdudiyyət qoysunlar”.
Ekspert Təhsil Nazirliyinin təcili surətdə yerli mühitə bələd olan mütəxəssislərlə birgə məktəblərdə fərdi nizamnamələr tərtib etməli olduğunu vacib sayıb:
“Faciə odur ki, müstəqilliyimizin 32-ci ili tamam olub. Amma hələ də məktəblərin nizamnaməsi yoxdur. Nizamnamənin olması məktəblərdəki xoşagəlməz olayların qarşısının alınması deməkdir.
Qaldı ki, telefonla bağlı iddia etdiyiniz son təlimatlara, bu məsələdə məktəbin pedaqoji şurasının qəbul etdiyi bütün qərarları dəstəkləyirəm. Valideynlərin övladlarından xəbərdar olması üçün alternativ variantlar düşünülməlidir. Təklif edirəm ki, məktəb girişlərində əlavə telefon xətti çəkilsin və şagirdlərə imkan yaradılsın ki, həmin telefon vasitəsilə valideynləri ilə əlaqə saxlayıb, məlumat verə bilsinlər. Yaxud xüsusi güzəştli paketlə məktəbin mühafizəçisinə telefon verilə bilər və şagirdlər oradan ailələri ilə əlaqə yarada bilərlər. Şəxsi təcrübəmdə bu formadan istifadə edilib və effekti olub. Əlbəttə ki, buna müvafiq qurum qərar verməlidir”.
Alçina Amilqızı, Bizim.Media