Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nəzərdə tutulmayan yerlərdən yolu keçən məktəbli və onlarına valideynlərinə müraciət edib.
Mərkəzdən Bizim.Media-ya bildirilib ki, müşahidə kameraları vasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki, bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollarda təhlükəsizliyinə mənfi təsir göstərir.
"Övladlarını məktəbə aparmaqla vəzifələrinin bitdiyini zənn edən bir qisim valideynlər bəzən qaydalara məhəl qoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlış nümunə formalaşdırırlar. Bu cür davranışlar azyaşlıların tək olduqları zaman da eyni qayda pozuntularını təkrarlamasına və nəticədə təhlükəli situasiyaların yaranmasına, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Belə halların qarşısını almaq üçün valideynlərdən xahiş olunur ki, övladlarına yollarda təhlükəsiz davranış qaydalarını izah etsin və gündəlik həyatda bu qaydalara əməl etmələri üçün onlara nümunə olsunlar. Xüsusilə, piyada keçidlərindən düzgün istifadə, svetofor siqnallarına riayət və yolu keçərkən ətrafı diqqətlə müşahidə etməyin əhəmiyyəti azyaşlılara aydın formada çatdırılmalıdır.
Unutmayaq ki, uşaqlar ilk növbədə valideynlərinin davranışını təkrarlayırlar. Qaydalara uyğun hərəkət etmək isə onların təhlükəsizliyinin və sağlam gələcəyinin təmin olunması deməkdir", - məlumatda qeyd olunub.
Bizim.Media


























































































