Nazirlər Kabineti “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, qərarın adından “18 yaşınadək yeniyetmələrin” sözləri çıxarılıb.
İndiyə qədər İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunublar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).
Dəyişikliyə əsasən, artıq bu Qaydalarda göstərilmiş şəxslər ildə bir dəfədən çox olmamaqla sanatoriya- kurort putyovkaları (yollayışları) ilə (işləyənlər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 135-ci bəndinə uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işəgötürənlərə təqdim olunan putyovkalarla (yollayışlarla) iş yerindən, işləməyənlər - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən) növbəlilik əsasında təmin olunacaqlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində, gediş-gəliş xərcləri daxil olmaqla).
Sanatoriya-kurort putyovkası (yollayışı) almaq üçün növbəyə götürülmüş 18 yaşınadək uşaqlar müşayiətçi ilə birlikdə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Müşayiətçi sanatoriya-kurort putyovkası (yollayışı) ilə uşağın sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu aidiyyəti üzrə yuxarıda göstərilən qurum tərəfindən təmin olunacaq. Bu halda müşayiətçi qismində uşağın valideynləri, digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri, himayəçiləri) və valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslər müəyyən oluna bilərlər. Uşağın valideyninin, digər qanuni nümayəndələrinin və valideynin icazəsi ilə etibarnamə verilmiş digər şəxslərin Agentliyin yerli qurumlarına və “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq dəyişdirilməsinə yol veriləcək.
Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq aidiyyəti üzrə sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları quruma təqdim edirlər. Ərizə və sanatoriya-kurort kartası təqdim edildikdən sonra sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan və işləməyən şəxs 1 (bir) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Sanatoriya- kurort” altsistemində növbəyə götürülür və bu barədə şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə 2 (iki) iş günü müddətində qısa məlumat göndərilir, eləcə də şəxsin Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur. İşləyən şəxslərə münasibətdə isə sanatoriya-kurort putyovkası (yollayışı) almağa dair məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci bəndinə uyğun təmin edilir.
Növbə çatdıqda sanatoriya-kurort müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı barədə işləməyən şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş günü əvvəl Agentliyin yerli qurumu və ya “DOST” mərkəzi tərəfindən məlumat göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş günü əvvəl sanatoriya- kurort putyovkası (yollayışı) ilə təmin olunurlar. Şəxs, uşaqlara münasibətdə isə müşayiətçi məlumatı aldıqdan sonra 3 (üç) iş günü müddətində sanatoriya-kurort müəssisəsinə gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada Agentliyin yerli qurumunu və ya “DOST” mərkəzini məlumatlandırmalıdır.
Sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra həmin təqvim ili ərzində 2 (iki) dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə getməyəcəyi barədə Agentliyin yerli qurumunu və ya müvafiq “DOST” mərkəzini bu Qaydalarda nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya) təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından) imtina etdikdə şəxs növbədən çıxarılır və işləməyən şəxsin, uşaqlara münasibətdə isə müşayiətçinin əlaqə vasitələrindən birinə bu barədə məlumat göndərilir. 9-3. Bu Qaydaların 9-2-ci hissəsinə əsasən növbədən çıxarılmış şəxs növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə götürülmək üçün Agentliyin yerli qurumuna və ya “DOST” mərkəzinə müraciət edə bilər.
Sanatoriya-kurort putyovkası (yollayışı) almaq hüququ olan şəxsin sanatoriya- kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə məlumatları və “Geri qayıtma” talonu sanatoriya- kurort müəssisəsi tərəfindən 30 (otuz) gün müddətində aidiyyəti quruma təhvil verilməlidir. Agentliyin yerli qurumuna və “DOST” mərkəzlərinə təhvil verilmiş məlumatlar və “Geri qayıtma” talonunun 3 (üç) iş günü müddətində MEİS-in “Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun putyovkanın (yollayışın) istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir.
Sanatoriya-kurort putyovkalarının (yollayışlarının) uçotunun aparılması, onlara dair hesabatların təqdim edilməsi, habelə mühasibat uçotu sənədlərinin saxlanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.
Bu Qaydaların tətbiqi zamanı yaranan mübahisələr inzibati və ya məhkəmə qaydasında həll edilir.
Bizim.Media



























































































