Balakən rayonunda kafedə ər-arvad arasında mübahisə həbslə nəticələnib.
Bizim.Media xəbər verir ki, hadisə Balakən şəhərindəki kafelərdən birində baş verib.
1993-cü il təvəllüdlü Aydın Səlimov həmin kafeyə gələrək orada ofisiant işləyən qeyri-rəsmi münasibətdə olduğu Mahirə (adı və soyadı şərti - red.) ilə mübahisə edib. Ucadan nalayiq ifadələrlə qadını təhqir edib.
Təqsirləndirilən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.
İş üzrə ifadə verən A.Səlimov bildirib ki, 3 ildən çoxdur Balakən rayon sakini Mahirə ilə dini kəbinlə ər-arvad münasibətində yaşayır:
"Bir həftə əvvəl Mahirə kafedə ofisiant kimi işləməyə başladı. Onun kafedə işləməsini istəmirdim. Bu səbəbdən aramızda narazılıq yarandı və ayrıldıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün Mahirə ona zəng edib və işlədiyi kafeyə çağırıb:
"Kafeyə getdim, Mahirə ilə oturub çay içdik. Aramızda mübahisə yarandı, onu təhqir etdim.
Sonrakı gün Mahirə zəng edərək qızı Aysunun olduğu videonu nə üçün "TikTok" səhifəsində paylaşdığını soruşdu və videonu silməyimi dedi.
Ona Aysunun idarə etdiyim "Mercedes Vito" mikroavtobusunda olduğunu, avtomaşını paylaşdığımı izah etdim, videonu siləcəyimi bildirdim və dərhal sildim. Mahirənin Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət etməsini sonradan eşitdim. Mən videonu qəsdən paylaşmamışam".
İş üzrə zərərçəkmiş Mahirənin sözlərinə görə, Aydınla 3 il qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb:
"Birgə yaşadığımız müddətdə xərclərimi qarşılamırdı. Bu səbəbdən ondan ayrıldım və Balakən şəhərində yerləşən kafedə ofisiant kimi işləməyə başladım. Aydın işləməyimi istəmirdi.
Bu səbəbdən iş yerimə gəlib, məni axtarıb".
Zərərçəkmiş şəxsin ifadəsinə görə, növbəti gün saat təxminən 14 radələrində Aydın yenidən onun işlədiyi kafeyə gəlib:
"Mənə niyə onun arxasınca danışdığımı bildirdi, məni əxlaqsız sözlərlə təhqir etdi. Həmin gün ondan şikayət etmədim. Sonrakı gün "TikTok" səhifəsində Aydının səhifəsində qızım Aysunun da olduğu videogörüntünü icazəsiz paylaşdığını gördüm. Zəng edərək videonu silməsini istədim. Gah silməyəcəyini, gah da gizlədəcəyini dedi".
Balakən Rayon Məhkəməsinin qərarı ilə A.Səlimov 4 gün müddətinə inzibati qaydada həbs edilib. (Teleqraf.az)
Bizim.Media






























































































