Ərəb şeyxindən boşanan Zeynəb Cavadlını NƏ GÖZLƏYİR? – Azərbaycan onu müdafiə edə bilərmi? - HÜQUQİ İZAH 

Hazırda oxunan: Ərəb şeyxindən boşanan Zeynəb Cavadlını NƏ GÖZLƏYİR? – Azərbaycan onu müdafiə edə bilərmi? - HÜQUQİ İZAH 

58117

Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərindən biri ilə evli olmuş beynəlxalq dərəcəli azərbaycanlı gimnast Zeynəb Cavadlı fevralın 9-da məhkəmə qarşısına çıxarılacaq. 

Qeyd edək ki, azərbaycanlı xanım məhkəməyə keçmiş əri, Dubay əmirinin qardaşı oğlu Şeyx Səid Əl Məktum tərəfindən verilib. Zeynəb Cavadlının məhkəmə iddiasında 3 övladının geri alınması və analıq hüququndan məhrum edilməsi göstərilib.

Əslən azərbaycanlı olan gimnast qarşı qaldırılan məhkəmə iddiası ictimaiyyətdə ciddi narahatlıq doğurub və Azərbaycan tərəfinin Zeynəb Cavadlının müdafiəsi fonunda məsələyə hüququ müdaxiləsinin mümkünlüyü gündəmə gəlib.

Maraqlıdır, dövlətimiz azərbaycanlı xanıma hansı hüquqi xidmət göstərə bilər? 

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında böyük ehtimalla şeyxin tələblərinin təmin olunacağını deyib:

“O xanımın milli mənsubiyyəti azərbaycanlı olsa da, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır və hüquqi məsələlər də həmin ölkənin qanunvericiliyi əsasında həll olunacaq. Xanımın indi bizim ölkə ilə yalnız mənəvi bağlılığı var. Yəni Azərbaycan dövləti ilə heç bir hüquqi bağlılığı yoxdur. Ona görə də ölkəmiz ona hər hansı bir hüquqi müstəvidə xidmət göstərə bilməz. Yalnız hüquqi müstəvidə mütəxəsssilər tərəfindən məsləhətləşmələr həyata keçirilə bilər.
 

Həmçinin konsulluq da belə bir xidməti təşkil edə və yerli qanunvericiliyin tələbləri əsasında xanıma hüquqi məsləhətlər verə bilər. Ancaq tam olaraq qadının müdafiəsinə qalxmaq mümkün olmayacaq”.


Vəkilin sözlərinə görə çox güman ki, xanım yalnız boşanma təzminatı ilə kifayətlənəcək:

“Ola bilsin ki, uşaqlarla müddətli ünsiyyət təmin olunsun. Təbii ki, o ölkənin qanunvericiliyini bilmirəm. Sadəcə analogiya üzrə çox ölkələrdə belədir. Ən geri qalmış dövlətdə də məhkəmə anaya uşaqları ilə görüşməyə icazə verir. Əsas odur ki, əxlaq normasının pozuntusu olmasın. BƏƏ də müsəlman ölkəsidir. Əgər iddia qaldırsalar ki, o qadın əxlaq normalarını pozduğuna görə boşanma baş verir. Onda nə təzminat olacaq, nə də uşaqları ilə görüşə icazə veriləcək. Bir sözlə vəziyyəti çətinləşəcək”.

Qeyd edək ki, Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var.

Bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu. Məlumata görə, Zeynəb hazırda da təhdid altında yaşayır, o, uşaqlarını Dubaydan çıxara bilmədiyinə görə vətənə dönə bilmir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin