Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

Hazırda oxunan: Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) beynəlxalq səviyyədə təsdiqləndi

581153

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən milli vaxt infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım atılıb.

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ) Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən təsdiqlənib.

Hazırda Azərbaycan UTC-yə (Coordinated Universal Time - Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq BIPM-ə göndərilir.

Qeyd edək ki, dəqiq vaxtın dövlət qurumları, özəl sektor, maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən asılılığın azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun yenidən qurulub.

Sözügedən laboratoriya yüksəkdəqiqlikli sezium atom saatları, peyk siqnal qəbulediciləri və NTP (Network Time Protocol - Şəbəkə Vaxtı Protokolu) əsaslı vaxtpaylama sistemi ilə təchiz olunub.

UTC (AZ)-nin təsdiqlənməsi maliyyə, telekommunikasiya, nəqliyyat, energetika və digər mühüm əhəmiyyətli sahələrin dəqiq, etibarlı və təhlükəsiz vaxtla təmin edilməsinə şərait yaradacaq. Eyni zamanda, bu təşəbbüs ölkəmizdə vaxt metrologiyası üzrə elmi-tədqiqat fəaliyyətlərinin əsasını qoyacaq, kadr potensialının inkişafına və elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə verəcək.

Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik deyil, həm də ölkəmizin strateji maraqları, iqtisadi təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin