11 il boyunca məktəblərdə “məntiq” bir fənn olaraq tədris olunmur. Həmçinin bakalavr zamanı da universitetlərdə adətən fəlsəfi məntiq kimi keçilir. Məktəblərdə isə riyaziyyat dərsinin içində məntiqi vərdişlər ümumi mövzuların, tapşırıqların tərkibində olur.
Magistratura imtahanında isə tələbələrdən riyazi məntiq tələb olunur, hətta ən çox balı məhz bu fənn verir.
Maraqlıdır ki, nə 11 il, nə də 4 il məntiq keçməyən tələbələr 3-4 ay ərzində məntiqdən imtahan verməyə necə hazırlaşsınlar? Axı nəzərə almaq lazımdır ki, məntiq vərdişlərinin aylar ərzində formalaşdırılması çətindir.
Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elşən Qafarovun fikirlərini öyrənib.
Ekspert məntiqin imtahana salınmasının düzgün, ancaq təhsil prosesində məntiqin tədris formasının yanlış olduğunu qeyd edib:
“Məntiq insanlarda İQ-nün inkişafına xidmət edir. Uzun illər riyaziyyat fənniylə məntiq yanaşı olub. Təəsüflər olsun ki, dərsliklərin bərbad hala düşməsiylə həmin ənənə də bitdi”.
“Məntiqin tədrisinə hətta məktəbəqədər təhsildən başlamaq lazımdır”.
“İstər magistraturada, istərsə də işə qəbulda məntiqin salınmasının beynəlxalq sistemdə səbəbi İQ-nün yoxlanmasıdır. Bu bir sistemə salınmalıdır. Magistraturada İQ qabiliyyətini ölçən testlər salınsa, daha yaxşı olar.
Məntiq kimi vərdişlər məktəbəqədər təhsildən başlayaraq ümumtəhsil və digər təhsil pillələrində tədris olunmalıdır ki, təhsil alanlarda daim bu vərdişlər formalaşsın”.
Nəzrin Mirzəyeva, Bizim.Media































































































