“KamAZ” sürücüsünə hökm oxundu - Özünü qadına sahibkar kimi tanıdıb

Hazırda oxunan: “KamAZ” sürücüsünə hökm oxundu - Özünü qadına sahibkar kimi tanıdıb

580960

Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəli Əkbərzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 14 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Vəli Əkbərzadə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə dələduzluq niyyəti ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu zərərçəkmiş Kəmalə Lətifovaya (adı, soyadı şərtidir) yük avtomobili alıb icarəyə vermək adı altında guya birgə biznes qurmağı təklif edib. Təqsirləndirilən şəxs həmin yalan vədlərlə zərərçəkmişi aldadaraq etibarını qazanıb və nəticədə ondan müxtəlif vaxtlarda pul vəsaitlərini ələ keçirməyi qərara alıb.
 

Bu məqsədlə o, 2023-cü ilin aprel ayının əvvəlində qadını bank kartına 12 000 manat, həmin ayın ortalarında isə 8 000 manat məbləğində pulu öz adına olmayan, bank və hesab nömrəsini xatırlamadığı hesablara köçürməyə inandırıb. Daha sonra – 25 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Kəmalə ona əlavə olaraq 500 manat vəsaiti nağd şəkildə verib.


Beləliklə, Vəli qəsdlə, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş şəxsin ümumilikdə 20 500 manat pul vəsaitini ələ keçirərək xeyli miqdarda ziyana səbəb olan dələduzluq cinayət əməli törədib.

Məhkəmə istintaqı zamanı Vəli Əkbərzadə özünü ittiham olunduğu əməli törətməkdə təqsirli bildiyini etiraf edib.

O, ifadəsində deyib ki, ailəlidir və 2 yetkinlik yaşına çatmayan övladı vardır, əsasən yük avtomobili sürməklə ailəsini dolandırıb.

Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi 2023-cü ilin mart–aprel aylarında “Facebook” sosial şəbəkəsi vasitəsilə tanıdığını, ona özünü yalan olaraq bir neçə yük avtomobili olan sahibkar kimi təqdim etdiyini, Kəmaləyə isə anket məlumatlarını yalan deyib, özünü “Samir Məmmədzadə” adı ilə təqdim etdiyini söyləyib. Həmin dövrdə borclarının olması və qızının qan azlığı xəstəliyindən əziyyət çəkməsi səbəbindən onun müayinəsi və müalicəsi üçün pula ehtiyacı yarandığını, buna görə də yalan məlumatlarla zərərçəkmişi aldadaraq pul vəsaitlərini ələ keçirdiyini etiraf edib.

Vəli təxminən 2023-cü ilin aprel ayının əvvəlində zərərçəkmiş şəxsin 12 000 manat, ayın ortalarında isə 8 000 manat pulu öz adına olmayan hesablara köçürdüyünü, 2023-cü ilin aprel ayının sonlarında isə Binə qəsəbəsində zərərçəkmiş şəxsdən 500 manat məbləğində pulu nağd şəkildə aldığını qeyd edib.
 

Aldığı bütün məbləği şəxsi borclarına və qızının müalicəsinə xərclədiyini, heç vaxt “KamAZ” markalı yük avtomobilinə sahib olmadığını, yalnız başqalarına məxsus belə avtomobillərdə sürücü kimi işlədiyini bildirib.


Təqsirləndirilən şəxs ifadəsində vurulmuş ziyanı tam ödədiyini və Kəmalə ilə barışdığını da vurğulayıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin