Qida rasionumuzun əsas hissəsi yağların payına düşür. Bununla belə, günümüzdə Azərbaycan bazarında təmiz və keyfiyyətli yağ tapmaq çətinləşib.
Xüsusilə, kərə yağlarının bir çoxunun tərkibinə o qoxunu verməsi üçün kimyəvi konservant vurulduğu deyilir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, açıq satılan yağların bir çoxunda onun dadlandırılması və kərə yağı aromasını verməsi üçün müxtəlif kimyəvi qatqı maddələrindən istifadə edirlər:
“Yağ insan orqanizmi üçün faydalı hesab olunan qida məhsullarından biridir. Lakin yağı alarkən keyfiyyətli və təbii olmasına diqqət etmək vacibdir. Xüsusilə kərə yağı alarkən mənşəyi bəlli olan, etibarlı markanın məhsulunu almaq lazımdır.
Məhsulun etiketində istehsalçı şirkət haqqında məlumat və tərkibində nələr istifadə olunubsa, ətraflı göstərilməlidir. Əgər tərkibindən 60 faizdən çoxu təbii süddən alınıbsa, köməkçi maddələr az miqdarda olmalıdır.
Ümumiyyətlə, yağların uzun müddət qalması və xarab olmaması üçün bəzən az miqdarda konservantlardan istifadə oluna bilər. Lakin yağın tərkibində yağəvəzedici və quru süddən hazırlanmış hissə çoxluq təşkil edirsə, o zaman bu məhsullar risk sırasındadır.
Yağı aldığımız yerlərə də diqqətlə yanaşmalıyıq. Açıq satılan yağların bir çoxunda onun dadlandırılması və kərə yağı aromasını verməsi üçün müxtəlif kimyəvi qatqı maddələrindən istifadə edirlər. Bu qatqı maddələri insan həzm prosesində problemlər yarada bilər”.
Onun sözlərinə görə, bu cür qatqılar gələcəkdə xərçəng riskini də artırır:
“Bəzən qatqı maddələrini marqarinə, palma yağına əlavə edərək kərə adı altında satırlar.
Bu yağlardan istifadə olunursa, daxili orqanlar - qaraciyər, böyrəklərin sıradan çıxmasını sürətləndirir. Bu kimi yağların tərkibində hidrogenləşdirilmiş yağ və doymuş yağ turşuları həddən artıq çox olduğuna görə ürək damar və gələcəkdə xərçəng riskini də artıra bilər.
Buna görə yağ alarkən etiket məlumatlarına xüsusilə diqqət etmək lazımdır”.
Naibə Məmmədova, Bizim.Media



























































































