Xaricdə yaşayan ictimai fəal Abid Qafarov və Beydulla Manafov da Baş Prokurorluğa çağırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb.
1981-ci il təvəllüdlü Qafarov Abid Abdin oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 12:00-da Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Bildirilir ki, Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-ci il tarixlərində təkrarən hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu videomaterialların “AzerFreedom TV” kanallarında yayılmasına, bundan başqa, Mirzəyeva Sevinc Osman qızı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi yutub internet portalında “Sevinc Osmanqızı TV” adlı kanal vasitəsilə yayılmasına, bundan əlavə, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında “AzerFreedom TV” kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Abid Qafarova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Bundan başqa, xaricdə yaşayan Beydulla Manafov da Baş Prokurorluğa çağırılıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Beydulla Manafova Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs 20 noyabr 2025-ci il tarixdə 14:00-da Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Bizim.Media






























































































