“Kəndlinin torpağının olduğunu deyirik. Suyu yoxdursa, torpaq ona bir yükdür”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət Su Ehtiyatları Agentliyinin son məlumatına görə, ölkə üzrə suvarılan torpaq sahələrinin təxminən 40 faizi su çatışmazlığından əziyyət çəkir. Arxlar quruyub, kanalların bəziləri 1970-ci illərdə çəkilib, bəzi kanallar tam bərbad vəziyyətdədir. Kəndli baxa-baxa məhsulunun qurumasına dözür, artezian vurmaq üçün isə nə texnikası var, nə imkanı var”.
O bildirib ki, rəqəmlər kənd təsərrüfatı məhsullarının satışının 70 faizdən çoxunun iri tədarükçülər və topdansatış mərkəzləri vasitəsilə həyata keçirildiyini göstərir:
“Kəndlinin torpağı var, amma bazarı yoxdur. Yəni bazar artıq iri fermerlərin və böyük şirkətlərin əlindədir. Kəndli 1-2 hektarda məhsul yetişdirir, amma bazara çıxa bilmir. Nəticədə kəndli ya məhsulunu dəyər-dəyməzinə satır, ya da elə sahədə çürüyür. Biz çox vaxt televizorda iri fermerlərin uğur hekayələrini göstəririk, amma o uğurun kölgəsində minlərlə kəndlinin zərəri, borcu və ümidsizliyi qalır.
Ən acınacaqlısı isə budur ki, bu vəziyyətdə kəndliyə deyirik: “Sənin torpağın var, sənə sosial yardım düşmür”. Əgər o torpaq gəlir gətirmirsə, o rifah deyil, sadəcə yükdür. Gənclər torpağı deyil, şəhərdə təsadüfi iş axtarır, çünki kənddə gəlir yoxdur. Kəndliyə real dəstək lazımdır.
Suvarma sistemlərinin daha tez bərpası və suyun ədalətli bölgüsü, kiçik fermerlər üçün satış bazarları və kooperativlərin yaradılması, məhsul alışı siyasətinin yalnız iri fermerlərə deyil, həm də yerli istehsalçılara yönəlməsi, kəndlinin istehsal xərcləri və gəlirinin balanslaşdırılması. Əks halda, kənddə torpaq qalacaq, amma kəndli qalmayacaq”.
Bundan başqa, deputat biznes mühitinin yaxşılaşdırılması, şikayətlərə daha ciddi yanaşılması və dövlət orqanlarında tikinti şöbələrinin ləğv olunması məsələsinə də toxunub.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:41 / 13.11.2025
Deputat: “Kanallar bərbad vəziyyətdədir, kəndlilər su çatışmazlığından əziyyət çəkir”
Hazırda oxunan: Deputat: “Kanallar bərbad vəziyyətdədir, kəndlilər su çatışmazlığından əziyyət çəkir”
Hazırda oxunan: Deputat: “Kanallar bərbad vəziyyətdədir, kəndlilər su çatışmazlığından əziyyət çəkir”
580371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































