Kapital Bank məcburi köçkünlərə verilən yanvar ayı üzrə aylıq sosial müavinətdən növbəti dəfə vəsait tutub.
Bu barədə Bizim.Media-ya bir neçə məcburi köçkün şikayətlənib.
MÖVZU İLƏ BAĞLI:
Kapital Bankda nə baş verir? – RƏSMİ AÇIQLAMA
Dediklərinə görə il başlayan kimi Kapital Bank hamıdan bir nəfər kimi aylıq müavinətlərindən 3 manat vəsait tutub.
Laçın rayon sakini Oqtay Quliyev qeyd edib ki, ötən ilin sentyabrından ilin sonuna kimi 3 dəfə müavinətlərindən 5 manat müqabilində vəsait tutuub:
“2 nəfər ailə üzvüyük. Bizə aylıq 66 manat pul ayırılır. Keçən il 3 dəfə pul tutuldu. İndi də bu ay yenə kartımdan 3 manat vəsait çıxılıb. Bu nə deməkdir? Aidiyyəti qurumlar niyə müraciətlərimizə cavab vermir?”
Qubadlı rayon sakinləri Müşfiq Hüseynov və Qənirə Həsənova da analoji halla bağlı gileyləniblər:
“Adını xidmət haqqı qoyublar. Xidmət haqqı ildə bir dəfə olar, daha 3 dəfə yox! Dəfələrlə banka müraciət etmişik. Mətbuat vasitəsilə də iradımızı və şikayətlərimizi bildirmişik. Səbəbi barədə heç nə deyilmir. Yanvar ayının 28-də kartımıza pul köçürülüb. 2022-ci ilin ilk ayında Bank növbəti dəfə sosial ödənişdən 3 manat çıxıb. Sözümüzü hara deyək? Heç olmaya çıxılan pulun səbəbini açıqlasınlar”.
Laçın rayonundan olan digər şikayətçi Esmira Abbasovanın sözlərinə görə tutulan müavinətlə bağlı heç yerə şikayət etməyiblər:
“Ona görə şikayət etmədik ki, ötən il müavinətdən pul tutulanda bizə demişdilər ki, çıxılan pul Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına, yəni “YAŞAT” dəstək fonduna ayrılır. Amma baxdıq ki, bu, mütəmadi davam edir. Qaynanam Radə Alıyeva ilə birgə yaşayıram. Həm mənim, həm də qayınanamın kartından ötən il bir neçə dəfə 5 manat tutulub. Vur-tut 33 manat alırıq, ondan da pul tutulanda nə qalır ki? Tutulmasa yaxşı olar”, - deyə şikayətçi əlavə edib.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, müavinət qurum tərəfindən tutulmayıb:
“Tutulan vəsait Kapital Bankın illik xidmət haqqıdır. Tam dəqiqliklə Bankdan öyrənməyinizi rica edirik”.
Kapital Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə qeyd edib ki, məcburi köçkünlərin müavinat kartlarından tutulan 3 AZN vəsait 2022-ci il üzrə olan xidmət haqqı ilə bağlıdır:
“Qeyd edim ki, bu vəsait ildə bir dəfə kart sahiblərindən tutulur”,- deyə Bank rəsmisi əlavə edib.
Qeyd edək ki, təxminən 600 minə qədər məcburi köçkün plastik kartla çörək pulu alır. Vahid aylıq müavinət alan məcburi köçkünlər iki kateqoriyaya bölünür.
Birinci kateqoriyaya aid edilənlərə - fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə hazırda ayda 33 manat vahid aylıq müavinət verilir.
İkinci kateqoriyaya aid olanlar - fərdi qaydada sayğaclardan istifadə edən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə hazırda 60 manat vahid aylıq müavinət alırlar.
Bankın xidmət haqqı tutması məsələsinə gəlincə, iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə müqavilələrdən asılı olaraq bankların hansısa formada xidmət haqqı tutmaq səlahiyyəti var.
Amma bu tipli sosial müavinətlərdən bankların xidmət haqqı cəlb etməsi qanunvericilikdə nəzərdə tutulmayıb:
“Xidmət haqqı ildə bir dəfə tutulur. Bildiyim qədərilə qanunda bununla bağlı xüsusi bir qeyd var. Sosial müavinətlərdə bank xidmət haqqı tuta bilməz”.
Alçina Amilqızı, Bizim.Media