Göyçayda keçirilən “Nar Festivalı” artıq Azərbaycanda turizm təqviminin ayrılmaz hissəsinə çevrilib.
Peşəkar təşkilatçılığı, rəngarəng proqramı və çoxsaylı ziyarətçiləri ilə bu tədbir ölkənin ən çox turist cəlb edən festivallarından biri kimi tanınır.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki gün davam edən festival həm yerli sakinlər, həm də xarici qonaqlar üçün cəlbedici və əyləncəli tədbir xarakteri daşıyır:
“Festival 2006-cı ildən keçirilir və artıq 16-cı dəfə təşkil olunur. Təxminən 30 mindən çox şəxs festivalda iştirak edir.
Onların böyük əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrindən və Bakı şəhərindən gələn ziyarətçilərdir. Turizm şirkətləri bu səfərləri xüsusi turlar şəklində təşkil edir.
Eyni zamanda xarici qonaqlar və xarici media nümayəndələri də tədbiri işıqlandırmaq üçün Göyçaya gəlirlər.”
Kənan Quluzadə qeyd edib ki, “Nar Festivalı”nın əsas məqsədi narçılıq ənənələrini qorumaq və təbliğ etmək, həmçinin regionun turizm potensialını artırmaqdır:
“Bu, Azərbaycanın brendləşmiş turizm festivalıdır. Artıq təkcə ölkə daxilində deyil, həm də xaricdə tanınır. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu il boyu bu festivalın xaricdə tanıdılması, beynəlxalq sərgilərdə və tədbirlərdə PR və marketinq işlərinin aparılması üzərində çalışır.”
O əlavə edib ki, “Nar Festivalı” beynəlxalq turistlər arasında da xüsusi maraq doğurur:
“Elə qonaqlar var ki, Azərbaycana məhz bu festivala görə səfər edirlər. Biz artıq bir neçə dəfə bunun şahidi olmuşuq".
Nəzrin Elxan, Bizim.Media
































































































