Arayikgilin məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar ELAN OLUNDU - FOTO

Hazırda oxunan: Arayikgilin məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar ELAN OLUNDU - FOTO

579476

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 7-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.
 

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxs Babayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.
Bildirilib ki, David Babayan Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif “vəzifələr”də işləyib. Bu, həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş ona aid sənədlər əsasında təsdiqlənib.


İşin faktiki halları, məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı sübutlar, o cümlədən təqsirləndirilən şəxsə bilavasitə aid sənəd və materiallar, habelə təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələr onu göstərir ki, D.Babayan bilavasitə əlinə silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkar birliyin ideologiyasının, Ermənistanın işğalçı siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edib.

O, cinayətkar birliyin məqsədləri üçün törədilən cinayətlər barədə agah olub, imkanları daxilində olsa da, bu cinayət hadisələrinin qarşısının alınması üçün hər hansı tədbir görməyib, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bununla da o, qeyd edilən dövr ərzində baş vermiş cinayət hadisələrinin törədilməsində iştirak edib.

Vurğulanıb ki, D.Babayan müsahibələrində və sosial şəbəkə paylaşımlarında Ermənistanın işğalçı siyasətinə və cinayətkar birliyin əməllərinə haqq qazandıran, işğalın davam etdirilməsi, hətta “Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini vurğulayan” fikirlər səsləndirib.

D.Babayan, həmçinin müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış edib.

İttiham tərəfi bildirib ki, Beynəlxalq Hərbi Tribunalın Nürnberq presedentində təsbit edildiyi kimi, təcavüzkar müharibə yalnız əlinə silah alanların deyil, onu planlaşdıran, legitimləşdirməyə çalışanların da cinayət məsuliyyətini ehtiva edir.

Beləliklə, D.Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitə iştirak etməklə müharibə və sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsində iştirak edib.

Dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs İşxanyan Davit Rubeni barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdırıb.
 

Bildirilib ki, D.İşxanyan Ermənistanın hərbi-siyasi rəhbərliyinin nəzarəti altında fəaliyyət göstərən cinayətkar birliyə 1989-cu ildə qoşulub. O, 1989-cu ildən azərbaycanlılara qarşı milli düşmənçilik ideyalarını və bununla da mili etnik nifrəti yayan “Daşnaksütyun” partiyasının fəal üzvü olub, müxtəlif vaxtlarda batalyon komandiri, qondarma rejimin “deputatı, “parlamentinin spikeri” və digər “vəzifələr”də işləyib.


Qeyd olunub ki, D.İşxanyan qoşulduğu cinayətkar birliyin tərkibində 1989-2023-cü illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğalında iştirak edib, didərgin salınmış şəxslərin öz yerlərinə qayıtmasının qarşısının alınmasında, etnik təmizləmə aparılmasında, insanların qəsdən öldürülməsində, əsir və girov götürülməsində, zorakılıqla yoxa çıxarılmasında, əhalinin kütləvi məhv edilməsində, terror hadisələrində, işgəncə verilməsi ilə bağlı cinayətlər törədilməsində və s. iştirak edib.

Sonra dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev təqsirləndirilən şəxs Babayan Madat Arakeloviç barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə zəruri xüsusatları elan edib.

Diqqətə çatdırılıb ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı törədiləcək cinayətlərdə iştirak etmək, işğal olunmuş Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz yaradılan təmas xəttində işğalçı qüvvələrin xeyrinə güc balansını dəyişmək məqsədilə cinayətkar birliyə qoşulub. Madat Babayanın ifadələri ilə, həmçinin təsdiq edilib ki, o, Vamik Petrosyan, Şirin Şirinyan, Arkadi Şirinyan və digər şəxslərlə birgə cinayətkar birliyin üzvü qismində Ermənistan tərəfindən Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edib. Videoçəkiliş aparılmaqla ifadəsinin yerində yoxlanılması zamanı və məhkəmədə dindirilərkən soyuqqanlılıqla bu dəhşətli əməllərini bir daha təsdiqləyib.

Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqlənib ki, M.Babayan cinayətkar birliyin tərkibində cinayətkar birliyin ümumi niyyət və ideologiyasına uyğun olaraq Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibənin

aparılmasında, azərbaycanlı əhalinin qanuni yaşadıqları yerlərdən qovulmasında və didərgin salınmasında, etnik təmizlənmə aparılmasında, təqib edilməsində, onlara fiziki ağrılar, psixi iztirablar və işgəncə verilməsində, onların öldürülməsində, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və müdafiə olunmayan ərazilərə hücum edilməsində, terror aktlarının törədilməsində, hakimiyyətin zorla ələ keçirilməsində və onun zorla saxlanılmasında vahid komandanlıqdan tapşırıq alaraq qanunsuz əmrləri icra etməklə iştirak edib.

Paşayan Melikset Vladimiri barəsində məhkəmə istintaqında aparılmış araşdırma zamanı ona verilən ittiham üzrə zəruri xüsusatları diqqətə çatdıran dövlət ittihamını müdafiə edən prokuror Fuad Musayev bildirib ki, təqsirləndirilən şəxs 1992-1995-ci illərdə, 2020-ci ilin sentyabr-noyabr və 2023-cü ilin may-sentyabr aylarında cinayət hadisələrinin törədilməsində iştirak edib. O, Vitali Balasanyanın rəhbərliyi altında fəaliyyət göstərən 31 saylı hərbi hissənin tərkibində Azərbaycanın suveren torpaqlarında döyüşüb.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin