Fəzail Ağamalının oğlu və 12 rayon təşkilat sədri partiyadan xaric olundu - AVP-dən AÇIQLAMA

Hazırda oxunan: Fəzail Ağamalının oğlu və 12 rayon təşkilat sədri partiyadan xaric olundu - AVP-dən AÇIQLAMA

579472

Xəbər verdiyiniz kimi Ana Vətən Partiyasının son qurultayında insident yaşanmışdı. Və buna görə də qurultayın işi yarımçıq saxlanılmışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Elçin Ağamalı qalmaqallı qurultayla bağlı nazirliyə müraciət etdi — Özündən AÇIQLAMA


Noybarın 5-də məsələ ilə bağlı Ana Vətən Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Partiyadan Bizim.Media-ya bildirilib ki, iclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olunub.

Müzakirələrdə ilk olaraq, Ana Vətən Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxılıb.

Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı “Ana Vətən” Partiyasından xaric edilib.

Bununla yanaşı, Partiyanın 12 rayon təşkilatının sədrləri partiya üzvü olmayan 25 şəxsin Qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. Aparılan araşdırmalar nəticəsində, bir sıra rayon partiya sədrlərinin saxtakarlığa yol verdikləri və onların göstərişi ilə partiya üzvü olmayan şəxslərin Qurultay nümayəndələri qismində Qurultayın gedişinə qanunsuz müdaxilələri müəyyən edilib.


İdarə Heyəti Partiya Nizamnaməsinin 5.8.1-ci, 10.3-cü və 12.3.7-ci bəndlərini əsas götürərək, 12 rayon təşkilat sədrlərinin (Paşa Alməmmədov – Ağstafa rayon təşkilatı, Telman Qasımov - Ağsu rayon təşkilatı, Orxan Əhmədov - Bərdə rayon təşkilatı, Ziya İbrahimov - Hacıqabul rayon təşkilatı, Elnur Osmanov - Kürdəmir rayon təşkilatı, Mahmud Nuriyev - Qazax rayon təşkilatı, Yaşar Tağıyev - Lənkəran rayon təşkilatı, Azad Əhmədov - Masallı rayon təşkilatı, Bayram Mustafayev - Sabunçu rayon təşkilatı, Nazim Muradəlizadə - Şabran rayon təşkilatı, Coşğun Məmmədov - Zərdab rayon təşkilatı, Fazil Ağamalıyev - Suraxanı rayon təşkilatı) Partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.

Partiya üzvü olmayan şəxslərin nümayəndə qismində Qurultaya qatılmasına məsuliyyətsiz yanaşdığına və hazırlıq prosesində yol verdiyi nöqsanlara görə, növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib.

İdarə Heyətinin yığıncağında verilən bütün qərarlar yekdilliklə qəbul olunub.

Eyni zamanda qeyd olunub ki, Ana Vətən Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun Partiya üzvlüyündən çıxmaq ilə bağlı Partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, Partiyadakı üzvlüyünə xitam verilib.

Partiyadan o da bildirilib ki, İdarə Heyətinin növbəti iclasında Partiyanın növbəti Qurultayının keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin