Xalq arasından çıxan qəhrəmanlar Tanrının onlara bəxş elədiyi ömrü vətən, millət yolunda qurban verirlər. Onları əbədi yaşadan da odur.
Taleyi hələ də müəmmalı qalan cəsur pilotumuz Vaqif...
1990-cı illərdə Sovetlər birliyinin hərbi pilotu, baş leytenant Vaqif Qurbanov. O Vaqif ki, Rusiya ordusunda xidmət edə-edə ürəyi, nəbzi Qarabağda əzilən, haqqı tapdalanan soydaşları ilə vururdu.
Yaşadığı ömrünün hər saniyəsində belə Qarabağda gedən ədalətsiz müharibəni, Rusiya tərəfindən silahlandırılmış erməni ordusunun dinc əhalinin başına gətirdiyi məşəqqətləri düşünür, xalqının dadına necə çatmağın yollarını axtarırdı. Nəhayət Vaqif və onunla eyni hərbi hissədə xidmət edən silahdaşları bir çarə tapmışdılar. Onlar Rusiyaya məxsus aviabazadan döyüş təyyarəsi qaçırmaq qərarına gəlmişdilər.
Təyyarəni qaçırma planı
Bakı şəhəri ətrafına dislokasiya olunmuş, Sitalçay yaxınlığındakı Rusiyaya məxsus aviasiya polkunda Vaqifdən başqa bir neçə hərbi qulluqçu xidmət edirdi. Onlar da ən azı Vaqif qədər Qarabağda gedən müharibədən çox narahat idilər. Müharibə qızışdıqca özlərində rahatlıq tapa bilmir, hər dəfə macal tapıb öz aralarında Azərbaycan ordusuna necə kömək edəcəkləri barədə götür-qoy edirdilər. Lakin Rusiya komandanlığı altında xidmət etmələri sözün əsl mənasında əl-qollarını bağlayırdı soydaşlarımızın...
Müntəzəm olaraq bir yerə toplanıb, müxtəlif fikirlər təklif edən hərbçilərimiz, bazadan heç olmasa silah-sursat çıxararaq Qarabağa göndərmək təklifini irəli sürürlər. Ancaq həmin polkda xidmət edən zabit Fuad Məmmədov ağlagəlməz fikir irəli sürür: Aviabazadan silah-sursat yox, məhz təyyarə qaçırmaq lazımdır. Fuad Məmmədovla Vaqif Qurbanov ilk dəfə elə Sitalçay yaxınlığındakı aviapolkda tanış olublar. Fuad Məmmədovun təklifini Akif Quliyev və Qülbudaq Bünyadov da dəstəkləyir.
Qrupda təyyarənin havaya qalxmasını təmin etmək üçün azərbaycanlılardan ibarət tam texniki heyətin olması planı daha da ağlabatan edir. Məsələnin ətraflı müzakirə edilməsi üçün o vaxtkı həkimiyyətdə olan bəzi qurumlara bildirilir. Bu məsələ daxili işlər orqanlarında xeyli müzakirə edildikdən sonra hazırlanmış ilkin plan pilot Vaqif Qurbanova təqdim olunur.
Vaqiflə əlaqə yaradılaraq bildirilir ki, o təlim uçuşları zamanı yenicə işğal edilmiş Xocalı aerodromunu bombalasın və təyyarəni məhv etsin. Bundan sonra hökumət Vaqifə və onun ailəsinə yeni ad-soyadla olan pasportlar verəcək, onları xarici ölkəyə yollayacaqlar.
Ancaq gənc təyyarəçi təklif olunan planla razılaşmır.
Təyyarənin qaçırılması üçün hər şey hazır idi. Azərbaycanlı mütəxəsislərin hər biri öz öhdəsinə düşən işi yerinə yetirməyə başlayırlar. Onlar qaçırılacaq olan təyyarənin uçuşa hazırlanması üçün lazım olan işləmlərə başlayırlar. Aviamexanik Bəşir Əliyev təyyarənin öz qida mənbəyindən işə salınması üçün elektrik batareyalarını yerləşdirir. Azərbaycanlı mütəxəssislərin rus komandirlərin diqqətindən yayınaraq uçuşa tam hazır elədikləri “SU-25”-də yalnız bir iş qalmışdı: havaya qalxaraq bazanı tərk eləmək...
Həmin vaxt Vaqif Qurbanov da gecəsini gündüzünə qataraq dayanmadan xəritə üzərində işləyib, qaçışın həyata keçirilməsində istifadə olunacaq vaxtı müəyyən edir. O hər şeyin plan üzrə həyata keçəcəyi təqdirdə cəmi 12 dəqiqəyə Yevlax aerodromuna enəcəkdi.
“Su-25” necə qaçırıldı?
Təyyarənin qaçırılması üçün uyğun məqam gözlənirdi. Hər an gözdə-qulaqda olan hərbçilərimiz əllərinə düşən ilk fürsətdəcə öz ölkələrinə əvəzolunmaz hədiyyə bəxş edəcəkdilər. Bəli, bəlkə də indi də çoxlarının ağlına gəlməyən, bir çoxları üçün hələ də inanılmaz olan hadisənin baş verəcəyi zaman gəlib yetişmişdi. Həmin möhtəşəm tarix - 8 aprel 1992-ci il idi... Artıq gün batmaq üzrədir. MDB-yə məxsus Sitalçay yaxınlığında yerləşən aviabazadan şahanə uçuş həyata keçiriləcək.
Aprelin küləkli günlərindən biri idi. Aviabazadan hər kəs çəklib getdikdən sonra orada yalnız növbətçilər qalmışdı. Akif Quliyev və Fuad Məmmədov motosikllə uçuşa hazır olan təyyarəyə yaxınlaşırlar. Onlar öncə orada mühafizə növbəsi həyata keçirən rus hərbçinin əl-qolunu bağlayıb anbardakı texniki xidmət həyata keçirilən otağa salırlar.
Sonra isə motosiklin “lülka”sında gizlətdikləri təyyyarəçi Vaqif Qurbanovu çıxararaq təyyarəyə qaldırırlar.“Su-25”-in sükanı arxasına əyləşən Vaqif vaxt itirmədən təyyarəni işə salaraq səmanın küləklərinə qarışır. Bundan sonra qaçış planını həyata keçirən Fuad Məmmədov və Akif Quliyev motosikllə aviabazanı tərk edərək müxtəlif yollarla Bakı şəhərinə qaçırlar. Səhərisi gün isə onlar Bakıdan Yevlaxa yola düşürlər.
Havaya qalxdıqdan təxminən 11 dəqiqə yarım sonra Vaqif Yevlax aerodromunda enişə hazırlaşır. Ancaq həmin vaxt aerodroma eniş etmək üzrə olan digər “YAK-40” markalı sərnişin təyyarəsi də olur. Vaqif həmin təyyarənin pilotu ilə radio əlaqəyə girir və ondan öncə “Su-25”-in enməsi üçün izn istəyir.
Amma “YAK-40” sərnişin təyyarəsini idarə edən rus pilot Vaqifin öncə enməsinə icazə vermir. Vaqif qisa müddət havada dövrə vurduqdan sonra təkərləri təzəcə aerodroma dəymiş sərnişin təyyarəsinin axrasınca eniş edir. Təhlükəli zəmin yaranır. Vaqif həm təyyarəni qorumalıdır, həm də “YAK-40” dan yerə düşən sərnişinləri... O çox böyük çətinliklə və mahir ustalıqla “Su-25”-in surətini aşağı salaraq insanlardan qaçırdır.
Təyyarənin qorunması
Aviabazadan qaçıb gələn digər azərbaycanlı mütəxəssislərlə qərara gəlir ki, təyyarəni Şəki aeroportuna aparsınlar. Şəki aeroportu Yevlaxdan fərqli olaraq həm şəhərdən bir qədər kənarda yerləşirdi, həm orada hər gün uçuşlar olmurdu, həm də orada təyyarəni çox az adam görə bilərdi. Görəcək adamlar isə sözün əsl mənasında etibar ediləsi “sinifdən” idilər.
Vaqif yenidən sükan arxasına əyləşərək Şəki aeroportuna uçur. Onu da qeyd etmək yerinə düşər ki, həmin zaman Şəkidə yerləşən aeroportun təyinatı başqa olduğuna görə hərbi döyüş təyyarəsinin ora enib qalxması yalnız və yalnız ustalıq tələb edirdi. Vaqif böyük məharətlə bu işin də öhdəsindən gəlir və Şəkiyə eniş edir. Qaçırılmış döyüş texnikası 10 gündən artıq Şəki aeroportunda qaldıqdan sonra rusların axtarışları dayandırmadığını eşidirlər.
Məlum olur ki, onlar bu ərazilərə də baxış keçirməyə gəlirlər. Hərbçilərimiz yenə çıxış yolu tapır. Onlar “Su-25” təyyarəsini “KA-700” markalı traktora qoşaraq aeroportdan 2.5 kilometr kənarda yerləşən fermaya çəkirlər. Orada isə təyyarənin üzərini saman və otla basdıraraq onun üzərində taya yaradırlar. Təxminən 15 gün ot tayasının altında gizlədildikdən sonra, təhlükənin bitdiyini görən mütəxəsislər təyyarəni airoporta çəkib, onu uçuşa hazır vəziyyətə gətirirlər.
“Su-25” Şuşa səmasında
Vaqif ilk döyüş tapşırığına əsasən 1992-ci il mayın 8-də Şəkidən Şuşaya uçur. O Şuşa şəhərinin üstündə uzun-uzadı uçuşlar həyata keçirsə də, şəhərə bir dənə də olsun mərmi atmır.
O şəhərin tamamilə boş olduğunu deyir. Ancaq Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin tapşırığı ilə səhəri gün yenə Şuşa üzərində uçuşlar həyata keçirir. Yenə o əlaqəyə çıxaraq Baş Qərargah rəisi Şahin Musayevə şəhərdə heç kimin olmadığını və mərmi atmaq üçün real hədəf görmədiyini bildirir.
Komandanlıq ona meydançanı bombalamağı əmr etsə də, Vaqif meydança üzərindən 50-100 metr hündürlükdən uçduğunu və orada kimsənin olmadığını deyir. Amma rəislər tərəfindən ona təkidlə edilən əmri yerinə yetirməli olan hərbi təyyarəçi verilən bütün koordinatları bombalayır. Bundan sonra Vaqif cəbhənin müxtəlif istiqamətlərində verilən koordinatlar üzrə hərəkət edir və bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.
Onun dördüncü uçuşu zamanı düşmənə səmadan qənim kəsilən təyyarəçimiz daha çətin bir sınaqla üzləşir. Onun təyyarəsinin mühərrikinin biri döyüş meydanındaca sıradan çıxır. Səbəb pilotun əməliyyat şəraitini nəzərə alaraq alçaqdan uçması və həmin şəraitdə təyyarədə olan topla atdığı mərminin qəlpələrinin mühərriki zədələməsi olur. Öz peşəsinin sirlərinə yaxından yiyələnən qəhramanımız bu sınaqdan da ustalıqla çıxmağı bacarır.
Belə ki, o təyyarəni döyüş meydanından çıxararaq sağ-salamat Yevlax aeroportuna düşür.
Nasaz vəziyyətdə olan təyyarəyə təcili mühərrik lazım olur və dərhal mühərrikin axtarışına başlanılır. Əhvalatdan xəbər tutan rus ordusu bütün hərbi zavodlara qəti tapşırıqlar verir ki, heç kəs azərbaycanlılara “Su-25” mühərriki satmasın. Amma çətinliklə də olsa, təyyarə təmir olunur.
12 iyun... Cəbhədə vəziyyət daha da gərginləşir.
Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində hücuma keçir. Həmin vaxt ordunun ilk və tək hərbi döyüş təyyarəsi demək olar ki, yerdə qərar tapmır. O gün ərzində tapşırığı tapşırıq dalınca yerinə yetirir. Hücuma keçən Azərbaycan ordusunun hərbçiləri cəbhənin “Şaumyan” istiqamətində düşmənin ciddi müqaviməti ilə üzləşirlər. Nə qədər çalışsalar da, düşmənin müdafiə zolağını yara bilmirlər.
Bu zaman havadan dəstək istənilir. Yevlaxdan havaya qalxan Vaqif cəmi üç həmlə ilə düşmənin bütün mövqelərini məhv edərək onların müdafiə zolağını yarmağı bacarır. Bundan sonra Azərbaycan ordusu düşmən nəzarətində olan 220 yaşayış məntəqəsini azad etməyi bacarır.
13 iyun... cəbhədəki gərginlik səngimək bilmir.
Vaqif əsasən Ağdərə və Goranboy istiqamətində 3 döyüş uçuşu keçirmişdi. Ağdam-Əsgəran istiqamətində yaranan gərginlik və ordumuzun düşdüyü çətin vəziyyətdən çıxışı üçün havadan müdaxiləyə ehtiyac yaranır. Batalyon komandiri Yaqub Rzayev komandanlıqla əlaqəyə çıxaraq havadan dəstəyə ehtiyac olduğunu bildirir.
Səhər saat 07.00 radələrindən döyüş tapşırıqları yerinə yetirməyə başlayan Vaqif Qurbanov həmin vaxt dördüncü döyüş tapşırığından geri dönür. Ümumilikdə, heç bir təyyarəçinin gün ərzində edə bilməyəcəyini edən qəhramanımız artıq dördüncü uçuşu etməklə öz fərqliliyini, qorxmazlığını təsdiqləmişdi. O dincəlmədən gün ərzində sayca beşinci uçuşuna hazırlaşır.
Təxminən saat 4-5 radələrində Ağdərə istiqamətinə yollanan Vaqif orada birinci döyüş tapşırığını yerinə yetirir. Lakin o yenidən döyüş meydanına girmək qərarına gəlir. İkinci döyüş tapşırığını da bitirdikdən sonra vertelyotlarla əlaqəyə keçir və ərazidən çıxdığını xəbər verir.
Bu onun sonuncu əlaqəsi idi. Təəssüf ki, o həmin mövqedən çəkilərkən erməni zenitçilərinin havaya yağdırdığı güllələrə tuş gəlir. Onun yanan təyyarədən paraşütlə tullandığı ehtimal edilsə də, Vaqifdən xəbər bilinməyib.
Cəsur pilotun müəmmalı taleyi
Hadisədən sonra Qarabağ üzrə ovaxtki nümayəndə Əlsahib Orucov və digər rəhbərlər dərhal Ağdama gəlirlər. Onun paraşütlə düşdüyü ehtimal olunan bütün ərazilərə dəfələrlə kəşfiyyat qrupları göndərilir. Ancaq bütün axtarışlar nəticəsiz qalır. Onun barəsində bir neçə versiya səslənir. Təyyarəçinin paraşütlə atılarkən göydə güllələndiyi və ya əsir düşdüyü deyilir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Vaqif Qurbanpva Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Elgün Gəncimsoy, Bizim.Media
























































































