Zəfər Gününü “unudan” TEATRLARIMIZ – 8 noyabrda hansı tamaşalar nümayiş OLUNACAQ?

Hazırda oxunan: Zəfər Gününü “unudan” TEATRLARIMIZ – 8 noyabrda hansı tamaşalar nümayiş OLUNACAQ?

579250

Azərbaycan xalqı bir neçə gündən sonra tarixi bir hadisəni - Zəfər Gününü böyük qürur və fərəhlə qeyd edəcək. Nəzərə alaq ki, bu il Zəfər Gününün ilk yubileyi - 5 yaşı qeyd olunacaq.

Ona görə də xalqımız və müvafiq dövlət qurumları bu əlamətdar günə böyük həvəs və məsuliyyətlə hazırlaşır.

Təbii ki, tarixi zəfərimiz heç də asan əldə olunmayıb. Bu yolda 4 minə yaxın şəhid vermişik, on minlərlə hərbçimiz yaralanıb.

Böyük qələbənin əldə olunmasında əsas pay sahibi olan şəhidlərimizi və qazilərimizi bu gündə xatırlamaq, onların qəhrəmanlıq yolunu təşviq etmək çox vacibdir.

Bu məsələdə əsas iş kino və teatr sənayesinin üzərinə düşür.

Lakin Zəfər Günündə teatrların repeturarına nəzər saldıqda, görünən mənzərə heç də ürəkaçan deyil. Belə ki, əksər teatrlarda həmin gün Zəfərlə bağlı bir dənə də olsun tamaşa repertuara daxil edilməyib.

Azərbaycanın əsas teatrı hesab olunan Akademik Milli Dram Teatrının repertuarında tarixi zəfərimizin 5 illiyi ilə əlaqədar noyabrın 7-də “Baş”, noyabrın 8-də “Qarabağnamə”, noyabrın 9-da isə “Xurşidbanu Natavan” tamaşaları təqdim ediləcək.

Rus Dram Teatrında isə repertuar müəyyən edilən zaman, deyəsən, heç təqvimə baxmayıblar. Belə ki, teatr noyabrın 7-də “7 gözəl”, noyabrın 8-də “Xoşbəxtliyin qiyməti”, noyabrın 9-da isə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşaları nümayiş etdirəcək.

Gənc Tamaşaçılar Teatrının aktyorları noyabrın 8-də Zəfər gününə həsr olunmuş 2 tamaşa - “Balaca kişilər” və “İnanıram”la tamaşaçıların qarşısına çıxacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Zəfər Günündə hər hansı tamaşa səhnələşdirilməyəcək. Teatr qapılarını tamaşaçıların üzünə yalnız noyabrın 16-da açacaq.

Şuşa Dövlət Musiqili Dram Teatrının repertuarına nəzərdən keçirərkən aydın olur ki, noyabrın 8-də cəmi bir tamaşa oynanılacaq. O da “Karlsonun macəraları”. Halbuki bu teatr Zəfər Gününə digər teatrlardan daha ciddi hazırlaşmalı idi.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının isə hər hansı afişasına rast gəlmədik. Teatrda sonuncu tamaşanın anonsu ötən ay verilib. Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru aktyor İftixar Piriyev sentyabrda vəzifəsindən azad olunub.

Təbii ki, teatrların Zəfər Gününə belə laqeyd yanaşması ciddi narahatlıq və təəssüf doğurur...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin