Xəbər verdiyimiz kimi, noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısı çıxışında Azərbaycan elminin inkişafı istiqamətində görülən tədbirlərdən, o cümlədən gələcək hədəflərdən söz açıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”
İlham Əliyev çıxışında Azərbaycan dilinin qorunması məsələsinə xüsusi diqqət çəkib:
“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər”, - deyə Prezident vurğulayıb.
Dövlət başçısı dilimizi kənar kəlmələrdən qorumağın önəmini xüsusi qeyd edib.
Bəs Ana dilimizin qorunması üçün hansı zəruri addımlar atılmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan dilinin qorunması həm dövlət, həm də cəmiyyət səviyyəsində aparılmalı olan çoxşaxəli bir prosesdir:
“Bu məsələni yalnız bir istiqamətdə deyil, kompleks şəkildə həll etmək lazımdır. Dövlət səviyyəsində tədbirlər planı hazırlanmalı, elm, texnologiya, hüquq, tibb və digər sahələrdə Azərbaycan dilinə uyğun terminlər yaradılmalı və standartlaşdırılmalıdır”, - deyə deputat qeyd edib.
“Əsas yük təhsil sisteminin üzərinə düşür”
Millət vəkilinin sözlərinə görə, medianın və reklam sahəsinin rolu da bu prosesdə mühümdür:
“Televiziya, radio, internet resursları və küçə reklamlarında dil normalarına ciddi nəzarət olunmalıdır. Bununla yanaşı, Azərbaycan dilinin süni intellekt, mobil tətbiqlər və axtarış sistemlərində geniş dəstəklənməsi üçün texnoloji layihələrə sərmayə qoyulmalıdır”, - deyə millət vəkili bildirib.
Deputat hesab edir ki, dilin qorunması sahəsində əsas yük təhsil sisteminin üzərinə düşür:
“Azərbaycan dili və ədəbiyyatı dərslərində müasir, interaktiv tədris metodlarının tətbiqi, müəllimlərin peşəkar inkişaf proqramları ilə təmin edilməsi vacibdir. Eyni zamanda, dilin tarixi, dialektləri və müasir inkişafı ilə bağlı elmi tədqiqatlar dərinləşdirilməlidir”, - deyə diqqətə çatdırıb.
Ana dilimizin qorunmasında ictimai maarifləndirmənin önəmi
Elnarə Akimova bildirib ki, ictimai maarifləndirmə də bu istiqamətdə mühüm rol oynayır:
“Dil mədəniyyətinin təbliği məqsədilə sosial kampaniyalar, televiziya verilişləri, sosial media layihələri, yazı müsabiqələri və gənclər üçün dil forumları təşkil olunmalıdır. Ən əsası isə hər kəs gündəlik ünsiyyətdə ana dilinə hörmətlə yanaşmalı, yad sözlərin yersiz istifadəsindən çəkinməlidir”.
Deputatın fikrincə, bu istiqamətdə ardıcıl və sistemli addımlar atılarsa, Azərbaycan dili təkcə milli kimliyin deyil, həm də müasir texnoloji dövrün aparıcı dəyərlərindən birinə çevriləcək.
Aygün Hüseyn, Bizim.Media



























































































