Tankı düşmən tərəfindən VURULDU, müalicəsini yarımçıq qoyub döyüşə QAYITDI – Şəhid Mahmud Əhmədovun HƏYAT YOLU

Hazırda oxunan: Tankı düşmən tərəfindən VURULDU, müalicəsini yarımçıq qoyub döyüşə QAYITDI – Şəhid Mahmud Əhmədovun HƏYAT YOLU

578666

Bu gün İkinci Qarabağ Müharibəsi şəhidi Mahmud Əhmədovun şəhadətindən 5 il ötür.

Mahmud Əhmədov 1989-cu il avqustun 2-də Ağstafa şəhərində anadan olub. Əvvəlcə Asif Abdullayev adına Ağstafa şəhər 2 nömrəli məktəbdə, daha sonra Texniki Humanitar təmayüllü liseydə təhsil alıb. Orta təhsilini başa vurub hərbi xidmətə yola düşüb. Əsgərliyi başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

Bir müddət Şəmkirdə, daha sonra Ağstafa rayon Qırılı kəndində, N saylı hərbi hissədə xidmət göstərib. Ordan isə Mingəçevirə ezam olunub.


2013-cü ildə "Azərbaycan Ordusunun 95 illiyi" yubiley medalı ilə təltif edilib. 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən Aprel döyüşlərində qəhrəmancasına iştirak edib. 2018-ci ildə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri Mahmud Əhmədov 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azadlığı uğrunda Vətən müharibəsinə qoşulub. Müharibənin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə tankı düşmən tərəfindən vurulub və yaralanıb. 18 oktyabra kimi Bərdə rayon xəstəxanasında müalicə alıb. Lakin o, müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb. Noyabrın 3-də isə Laçın rayonu istiqamətində gedən şiddətli döyüş zamanı idarə etdiyi tankın düşmən hədəfinə tuş gəlməsi nəticəsində Mahmud şəhidlik zirvəsinə ucalıb.


Mahmud Əhmədov "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Cəsur döyüşçü", “Vətən uğrunda” medalları,  3-cü dərəcəli "Rəşadət ordeni ilə təltif olunub.


Mahmud Əhmədov 2013-cü ildə Zəhra adlı xanımla ailə həyatı qurub. Onun bu evlilikdən 2016-cı ildə Nur, şəhid olmasından sonra 19 fevral 2021-ci ildə isə Mələk adlı qızı dünyaya gəlib. Körpəyə Mələk adı şəhidin öz vəsiyyəti ilə verilib.

Mahmudun həyat yoldaşı Zəhra xanım həm də şəhid qızıdır. Zəhranın 1 yaşı olanda atası İman Məhərrəmov Birinci Qarabağ müharibəsində döyüşlərə könüllü olaraq qatılır.


İ.Məmmədov 1992-ci il 26 iyulda Füzuli rayonunun Ərgünəş dağında şəhidlik zirvəsinə ucalır. Şəhidin məzarı hazırda Füzulinin Qazaxlar kənd qəbiristanlığındadır.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin