Azərbaycanda bu cihazları satmaq və istifadə etmək qadağandır – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda bu cihazları satmaq və istifadə etmək qadağandır – RƏSMİ

578643

Son illərdə Azərbaycanda elektron cihazların, xüsusilə də simsiz qulaqcıqların, ağıllı saatların və digər portativ (asan daşınan, rahat) texnologiyaların satışı sürətlə artmaqdadır. Buna görə də bu məhsulların təhlükəsizliyi, onların istehsalında istifadə olunan kimyəvi maddələrin insan sağlamlığına və ətraf mühitə təsiri barədə məsələlər ortaya çıxır. Beynəlxalq təcrübədə elektron cihazlar satışa çıxarılmadan öncə müxtəlif kimyəvi və texniki testlərdən keçirilir.

Bəs Azərbaycanda satışa çıxarılan elektron cihazlar kimyəvi testlərdən keçirmi?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçılara təqdim olunan qeyri-qida mallarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur:

“Bundan əlavə, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elektrotexnika və radioelektronika məhsullarına dair “Elektrotexnika və radioelektronika məmulatlarında təhlükəli maddələrin tətbiqinin məhdudlaşdırılması haqqında” texniki reqlament layihəsi hazırlanıb, hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir.
 

Bu layihədə elektrotexnika və radioelektronika məhsullarında istifadəsi qadağan olunmuş və ya istifadəsinə müəyyən olunmuş hədlərdə yol verilən kimyəvi maddələr (civə, qurğuşun, kadmium, xrom və s.) və elektrotexnika məmulatlarının konstruksiyasında həmin maddələrin istifadə olunmasına dair tələblər müəyyən olunub.


“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.

Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycanda satmaq və istifadə etmək qadağandır. Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin