Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə qadın və uşaqların sosial rifahına təsir edən prioritet məsələlərə həsr olunmuş ictimai müzakirə keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə qadın və uşaqlarla çalışan QHT-lərin sahə təcrübəsi və müşahidələri nəzərə alınaraq sosial və maddi xarakterli problemlərin həlli üçün dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.
Tədbiri açan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli vurğulayıb ki, qadın və uşaq məsələlərinin Azərbaycan cəmiyyətinin dayanıqlı inkişaf strategiyasının əsas komponentlərindən biri kimi qiymətləndirilməsi vacibdir:
“Bu sahədə real dəyişikliklər üçün yalnız proqram sənədləri deyil, həm də sahə mütəxəssislərinin bilik və təcrübəsinə əsaslanan praktik mexanizmlər formalaşdırılmalıdır,” – deyə Ramil İskəndərli qeyd edib.
İctimai müzakirənin moderatoru, AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimli isə bildirib ki, sosial rifah məsələlərinin müxtəlif aspektlərdən qiymətləndirilməsi və müzakirəyə çıxarılması QHT-lərin fəaliyyətinin keyfiyyətini artıracaq.
Müzakirələr zamanı ölkədə bu sahədə mövcud vəziyyət, institusional boşluqlar, real təcrübələr və irəlliləyişlər təhlil olunub.
Tədbir iki sessiya üzrə davam edib.
Birinci sessiya “Məişət zorakılığına qarşı mübarizənin mövcud vəziyyəti və müdafiə mexanizmləri”, ikinci sessiya isə “Uşaqların rəqəmsal təhlükəsizliyi və sosial rifahı” mövzusuna həsr olunub.
İkinci sessiyada çıxış edən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Kəmalə Aşumova qeyd edib ki, bu gün rəqəmsal mühitdə uşaqlar, xüsusilə qızlar daha çox risk altındadırlar:
“Bir çox uşaq internetdə təhqirə, kibertəzyiqə və zorakılığa məruz qalır. Rəqəmsal davranış və təhlükəsizlik bacarıqları artıq təhsilin vacib hissəsinə çevrilməlidir. Valideynlər və müəllimlər üçün geniş maarifləndirmə proqramları hazırlanmalıdır,” – deyə Aşumova vurğulayıb.
O, həmçinin regionlarda uşaq müdafiəsi sahəsində ixtisaslı kadr çatışmazlığının mövcud olduğunu bildirib və bu sahədə çalışan mütəxəssislər üçün davamlı təlim mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edib.
Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, uşaq və qadın hüquqlarının müdafiəsi təkcə sosial məsələ deyil, həm də ədalətli və inklüziv cəmiyyətin qurulması üçün əsas şərtdir.








Nəzrin Elxan, Sadiq Məmmədov, Bizim.Media


























































































