Əməliyyatlardan sonra dəyişən davranışlar - Normal hal, yoxsa həkim səhlənkarlığı?

Hazırda oxunan: Əməliyyatlardan sonra dəyişən davranışlar - Normal hal, yoxsa həkim səhlənkarlığı?

578251

Son günlər sosial şəbəkələrdə əməliyyatlardan sonra insanların davranışlarında yaranan qəribə dəyişikliklər müzakirə mövzusuna çevrilib. Bəzi istifadəçilər əməliyyatdan sonra xəstələrdə aqressiya, depressiya və hətta insanlara qarşı hücum kimi halların müşahidə olunduğunu bildirirlər. 

Bu isə sual doğurur: Əməliyyatlardan sonra psixoloji problemlərin yaranması normal haldırmı, yoxsa tibbi məsuliyyətsizlikdən qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb-eksperti Adil Qeybulla bildirib ki, əməliyyat sonrası xəstələrin psixoloji vəziyyətində baş verən dəyişikliklər bir sıra hallarda narkozun təsiri ilə bağlı olur:

“Narkozun üç əsas komponenti var. Onlardan birinin dozası düzgün tənzimlənmədikdə və ya vaxtında vurulmadıqda, bu, xəstənin beyninə və sinir sisteminə mənfi təsir göstərə bilər. Bəzən xəstə tam normal psixologiya ilə əməliyyata girir, lakin əməliyyatdan sonra aqressiv davranışlar, çaşqınlıq və ya ruhi pozğunluq halları yaranır. Bu kimi hallar çox vaxt həkim məsuliyyətsizliyi və ya narkozun qeyri-düzgün tətbiqi ilə əlaqəlidir”,  - deyə Adil Qeybulla bildirib.  

Ekspertin sözlərinə görə, belə hallar uzunmüddətli psixoloji travmaya da səbəb ola bilər:

 “Xəstənin beynində narkozun təsiri ilə yaranan kimyəvi dəyişikliklər bir neçə gün, hətta həftələr davam edə bilər. Ona görə də əməliyyatdan sonra pasiyentlər psixoloji nəzarətdə saxlanmalı, lazım gələrsə, psixoterapevtik yardım göstərilməlidir”.

Nəticə olaraq, həkimlər və ailə üzvləri əməliyyatdan sonrakı dövrdə xəstənin yalnız fiziki deyil, psixoloji durumuna da ciddi diqqət yetirməlidirlər. Əks halda, görünməz şəkildə başlayan bu dəyişikliklər sonradan ciddi psixi pozğunluqlara və sosial problemlərə gətirib çıxara bilər.

Aygün Hüseyn, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin