Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edilib. 
Bizim.Media xəbər verir ki, Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verib. 
Bildirib ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir. 
“Lahıc” da parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.
 
Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir.
Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.







Şəfiqə Şəfa, Bizim.Media
































































































