Tramplinlər məhəllədaxili yolların “yaraşığ”ına çevrilib. Həyətlərdə, uşaq bağçaları və məktəblərin, marketlərin, parkların qarşısında bu tramplinlər sürəti azaltmaq üçün qoyulur.
Düzdür, məhəlləni təlim poliqonu ilə səhv salan yeni sürücülərin, axşamlar uşağını sükan arxasında oturub ona kişilik məktəbinin əlifbasını öyrədən gənc ataların, ələlxüsus da evdən gizlicə açarı götürüb özünü bir şəxsiyyət kimi təsdiqləmək istəyən yeniyetmələrin qarşısını almaqda yaxşı mübarizə metodudur.
Ancaq belə quruların oduna yaş da yanır axı!
Təpəcik şəklində asfaltın özündən düzəldilmiş bu maneələr onsuz da dar olan məhəllələrdə süni tıxac yaradır. Bəzən isə yola kəsilmiş şalban, ya da yoğun kəndir, boru atılır. Çox eybəcər görüntü yaranır.
Bu tramplinlərin çoxu özbaşına quraşdırılıb. Bu cür tramplinlər əksər hallarda sürücüləri caşdırır. Xüsusən də məhəlləyə qonaq gəlmiş sürücülər, yaxud sərnişin gətirən taksiləri peşman edir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, tramplinlərin quraşdırılması yalnız yol hərəkətinin təşkili və təhlükəsizliyinə cavabdeh olan aidiyyəti qurumların razılığı ilə həyata keçirilməlidir. Bu kimi qurğuların quraşdırılması üçün bütün əlaqədar qurumların razılığı mütləqdir. Nəzərə alsaq ki, qanunvericilikdə süni maneə nəzərdə tutulmayıb, odur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnə bilər.
Nəqliyyat üzrə ekspert Nüsrət Hacıyevin sözlərinə görə, tramplin əgər razılaşdırılaraq yerləşdirilibsə, onu düzgün keçməklə bağlı, yaxud da nabələd sürücüləri xəbərdar etmək üçün sürət həddinin azaldılmasını göstərən yol nişanı olmalıdır:
“Bunu görən sürücü qabaqcadan sürətini azaldır, bununla da arxasınca gələn maşınlara işarə olur. Əks halda tramplini görən sürücü ya qəfil əyləci basacaq ki bu da qəzaya səbəb ola bilər, ya da sürətlə keçdiyində zamanla maşının amartizatorlarda, əyləc sistemində, üstlüyündə (nakladka) tədricən aşınmalar və digər problemlər yaranacaq”.



Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 30.10.2025
Məhəllədaxili yolların “YARAŞIĞI” – Özbaşına qoyulan tramplinlər maşınlara və sürücülərə necə ziyan vurur? - FOTO
Hazırda oxunan: Məhəllədaxili yolların “YARAŞIĞI” – Özbaşına qoyulan tramplinlər maşınlara və sürücülərə necə ziyan vurur? - FOTO
Hazırda oxunan: Məhəllədaxili yolların “YARAŞIĞI” – Özbaşına qoyulan tramplinlər maşınlara və sürücülərə necə ziyan vurur? - FOTO
578031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































