Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasında tunelin inşası ilə bağlı stansiyadan “Dərnəgül” xətti üzrə birbaşa gediş olmayacaq. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti “Nizami” stansiyasına və ya “Həzi Aslanov” – “Dərnəgül” xətti “28 May” stansiyasına qədər fəaliyyət göstərəcək. Eyni zamanda, “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar da “28 May” stansiyasında dayanmayacaq.
Bu prosesin başlamasına səbəb metronun Qırmızı və Yaşıl xətlərinin ayrılmasıdır. Bunun üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunel inşa olunacaq.
Bəs işlərə nə zaman başlanacaq? “Həzi Aslanov”-“Dərnəgül” istiqamətinə gedən sərnişinlər nə zaman yolun yarı hissəsində qatarları tərk etməli olacaqlar?
Məsələ ilə bağlı Bizim.Media-ya “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “28 May” stansiyası bağlanmayacaq:
“Sadəcə, 200 metrlik tunelin inşası başlayanda “28 May” stansiyasından üzü Dərnəgül istiqamətinə qatarlar hərəkət etməyəcək. Qatarlar “Nizami” və “Dərnəgül” arasında hərəkət edəcək. “İçərişəhər”dən, “Əhmədli”, “Həzi Aslanov” istiqamətinə qatarlar indi necə gedirsə, həmin qayda ilə də gedəcək”.
Qeyd edilib ki, prosesə gələn ilin əvvəlində başlanacaq:
“İlin sonuna qədər hazırlıq tədbirləri başa çatdırılmalıdır. “28 May” stansiyasında elan etdiyimiz təxminən, 20-30 metrlik şaxtaların inşası başa çatmalıdır. Hazırlıq tədbirləri bitdikdən sonra digər istiqamətdə işlərin hazırlığı başlamalıdır. Bu da müəyyən qədər vaxt apardığı üçün ilin əvvəlində olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün dövlət proqramı”na əsasən, Bakıda metronun “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılması layihəsi icra ediləcək. Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Yaşıl və Qırmızı xətlərin ayrılması ilə bağlı tikinti-quraşdırma işləri yerinə yetirilməli, istismara verilməli, tikinti-quraşdırma işləri tamamlanmalıdır. Proqram çərçivəsində metronun “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək.
Günay Şahmar, Bizim.Media
































































































