Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Asif Ağayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 000 manat məbləğində cərimə cəzası təyin edilib.
İttihama görə, Asif Ağayev ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayəti törədib.
Belə ki, o, bu ilin avqust ayında, saat 09:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində notarial etibarnamə əsasında idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla hərəkətdə olarkən yol ayrıcında işıqforun qırmızı işığında dayanıb. Sonra işıqforun yaşıl işığı yanan zaman hərəkətini davam etdirib.
Bu vaxtı həmin yolun sol hərəkət zolağından sağ istiqamətə onun qarşısına çıxaraq hərəkətini məhdudlaşdıran “Toyota” markalı avtomobilin sürücüsü, əvvəllər tanımadığı zərərçəkmiş Slavik Behbudova (adı, soyadı şərtidir) əl hərəkətləri ilə iradını bildirib. Bundan sonra zərərçəkmiş şəxs avtomobilindən düşərək yaxınlıqda dayanan mikroavtobusa yaxınlaşıb, açıq yan şüşəsindən başını içəri salaraq təqsirləndirilən şəxslə danışmaq istəyib.
Asif Ağayev isə onun bu hərəkətinə aqressiv reaksiya göstərərək, mikroavtobusdan düşüb Slavikə yaxınlaşıb, aralarında baş verən cüzi mübahisəni bəhanə edərək, uca səslə nalayiq ifadələr işlədib.
Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə zor tətbiq edib, yumruğu ilə onun üz nahiyəsinə bir neçə dəfə zərbələr endirib, sol əli ilə çiynindən dartıb və arxasından qucaqlayıb güləş fəndi ilə yerə çırpıb. Ardınca yerə yıxılmış vəziyyətdə olan Slavikin bel nahiyəsinə sağ ayağı ilə bir dəfə təpiklə zərbə vurub.
Zərərçəkmiş şəxsə vurulan zərbələr nəticəsində başın təpə nahiyəsində əzilmiş-kəsilmiş yara, sol yanaqda sıyrıq yaranıb.
Hadisədən sonra Asif Ağayev saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. (Pravda.az)
Bizim.Media

































































































