Bakıda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Azadlıq prospekti" metrostansiyası ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili və "Elmlər Akademiyası" metrostansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
71 və 206 nömrəli marşrutlar üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC qalib elan olunub.
Müsabiqələrin nəticələrinə əsasən, 71 nömrəli marşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsi 2025-ci il istehsalı olan müasir avtobuslardır.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.
Bizim.Media





























































































