Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ – “Bu halda deportasiya oluna bilərlər”

Hazırda oxunan: Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ – “Bu halda deportasiya oluna bilərlər”

577853

Rusiyanın miqrantlara qarşı tətbiq etdiyi qərar və qanunlar həmin kateqoriyadan olan insanların həyatını daha da ağırlaşdırmaqda davam edir. Moskvanın bu istiqamətdə sərt addımları miqrantları işə götürən şirkətləri də çətin vəziyyətlə üz-üzə qoyub.
 

Belə ki, Rusiyada bu ilin ilk yarısında məhkəmələr tərəfindən miqrantların qanunsuz əmək fəaliyyətinə cəlb olunmasına, onların ticarət obyektlərində işə götürülməsi qaydalarının və bəzi fəaliyyət növlərinə qoyulan məhdudiyyətlərin pozulmasına görə şirkətlərə 1,6 milyard rubldan (20 milyon dollar) artıq cərimə tətbiq edilib.


Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bildirilir ki, ilin 6 ayı ərzində İnzibati Xətalar Məcəlləsinin 18.15, 18.16 və 18.17-ci maddələri üzrə ümumilikdə 9546 nəfər inzibati məsuliyyətə cəlb olunub. Bu rəqəm isə 2024-cü ilin göstəricisindən 1,3 dəfə çoxdur. Onların arasında 5638 hüquqi şəxs də var — bu isə 1,5 dəfə artım deməkdir.

Qanunvericilikdə göstərilir ki, bu qaydanı pozan hüquqi şəxslər üçün cərimənin məbləği 1 milyon rubla qədərdir. 

Sözügedən qaydaları pozan şirkətin fəaliyyəti 14 gündən 90 gün müddətinədək dayandırıla bilər.

Atılan bu addımlar aydın məsələdir ki, şirkətləri miqrantlarla işləməkdən çəkindirəcək. Belədə həmin şirkətlər işçini ya ölkə vətəndaşları içərisindən seçməli, ya da fəaliyyətlərini dondurmalı olacaqlar.

Bu addımın Rusiyada əmək fəaliyyətilə məşğul olan soydaşlarımıza nə kimi təsirləri ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, atılan bu cür addımlar Rusiyada miqrant fəaliyyətilə məşğul olan soydaşlarımızın da sayının azalmasına gətirib çıxaracaq:
 

“Burada reallıq odur ki, Rusiyanın müvafiq strukturlarının zaman-zaman qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində bir sıra təkliflərlə çıxış etməsi sonrakı mərhələdə miqrasiya müstəvisində qanunvericilikdə yeni qaydalar, bəzi məhdudiyyətlərin geniş yer almasına gətirib çıxarır.


Rusiya ərazisində kifayət qədər çox sayda qanunsuz əmək fəaliyyətilə məşğul olan miqrantlar var. Bununla yanaşı ölkədə qanunsuz əsaslarla yaşayanlar da kifayət qədərdir.

Bu isə Rusiyanın milli maraqları nöqteyi-nəzərindən yolverilməz haldır. Ona görə də qanunsuz miqrasiya ilə mübarizə hazırda Rusiyanın prioritet istiqamətlərindəndir. Zaman-zaman bu istiqamətdə tətbiq edilən yeniliklər, qüvvəyə minən qaydalar bilavasitə qanunsuz miqrantların sayının kəskin azalmasına hesablanıb”.

“Qanunsuz miqrantların sayı azalır”

Deputat qeyd edir ki, son bir il ərzində bu istiqamətdə həyata keçirilən fəaliyyətlər müəyyən mənada müsbət nəticələr də verir:

“Həmin tədbirlər çərçivəsində keçirilən reydlərin də məqsədi müxtəlif sahələrdə qanunsuz əmək fəaliyyətilə məşğul olan miqrantları aşkarlamaqdır. Bu da nəticə etibarı ilə həmin kateqoriyadan olan insanların sayının azalmasına gətirib çıxarır.

Cərimələrin artması da burada öz sözünü deyir. Bir sıra hallarda hətta cərimə sanksiyaları vasitəsilə prosesə təsir imkanları daha genişdir”.

“Möhlət iyunda bitib”

Həmsöhbətimiz deyir ki, belə addımlar qanunsuz əsaslarla yaşayan soydaşlarımıza da birbaşa təsir edir:

“Onlar öz statuslarını leqallaşdırmaq üçün zəruri qanuni addımlar atmalı, qanuni əsaslarla qeydiyyata alınmalıdırlar. Dövlətin bununla bağlı verdiyi möhlət cari ilin iyunun sonunda bitib.

Bundan sonra aşkarlanan qanunsuz miqrantla bağlı ağır və sərt addımlara keçiləcək.

Onlar hətta ölkə ərazisindən deportasiya da oluna bilərlər. Həmçinin, bu cür şəxslərin gələcəkdə yenidən Rusiya ərazisinə qayıdışı da mümkünsüz ola bilər”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin