Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin yeni böyük müharibəyə hazırlaşdığını bəyan edib:
“Qərb yeni böyük Avropa müharibəsinə hazırlaşır və NATO-nun genişlənməsi bir dəqiqə belə dayanmayıb".
O iddia edir ki, Rusiyanın heç bir NATO ölkəsinə hücum etmək niyyəti yoxdur. Hətta Lavrov Moskvanın bunu təhlükəsizlik zəmanətlərində təsbit etməyə hazır olduğunu da söyləyib.
Rusiyalı nazir əlavə edib ki, Moskva "hələ də ABŞ-ın Alyaska sammitində müzakirə olunan təklifləri təsdiqləməsini gözləyir".
NATO-Rusiya savaşı yenidən gündəmdə
Görünən odur ki, artıq gərginlik Ukrayna müharibəsi daxilindən kənara çıxıb. Bu əsasda Moskva ilə Qərbin birbaşa toqquması ehtimalı da artır. Xüsusən də ABŞ Prezidenti Donald Trampın Rusiyaya münasibətdə əvvəlki yumşaq mövqedən əl çəkib, sərt sanksiyalar tətbiq etməsi Kremldə narahatlıqla qarşılanıb. Bu fonda Lavrov Avropanın yeni müharibəyə hazırlaşdığını elan edib.
Bundan əlavə, oktyabrın 28-də Polşa Hərbi Hava Qüvvələrinin qırıcıları Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsini ələ keçiriblər. Digər tərəfdən, Rusiyanın “Oreşnik” raketləri Belarusa, NATO ilə sərhəd bölgələrinə yerləşdirilib.
Ukrayna müharibəsi də belə başlamışdı....
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, yaranmış vəziyyətdə böyük müharibə ehtimalı gündün-günə artır:
“Müharibə təhlükəsinin əsas səbəbkarı Avropadır. Böyük müharibə riskinin artmasının əsas günahkarı daha çox Avropa İttifaqıdır. Qərb bu məsələdə parçalanıb. Vaşinqtonun bir çox məsələlərə baxışları Avropa ilə müqayisədə fərqlidir. Avropa bütün dünyanı inandırmağa çalışır ki, yaranan risklərin hamısı Rusiya ilə bağlıdır.
Rusiya Krımı zəbt edəndə onu NATO-nun hərbi-hava donanmasının Sevastopolu ələ keçirilməsi təhlükəsilə əsaslandırırdı. Ona görə də Rusiya qabaqlayıcı addımlar ataraq, həm yarımadanı ələ keçirdi, həm də mümkün zəbtin qarşısını aldı. Ardınca Böyük Britaniya, Polşa, Almaniya, Litva, Çexiya Ukrayna ordusunu hazırlamağa başladılar.
Digər tərəfdən, neft-qaz təminatı ilə bağlı Rumıniyadan Qara dənizin dibilə Ukraynaya iki xətt çəkilməli idi ki, Kiyev artıq bu məsələdə də Rusiyadan asılı olmasın. Amma bu iki məsələdə Qərb gecikdi”.
“Bəzi qüvvələr Rusiya-Avropa müharibəsini başlatmağa çalışır”
Həmsöhbətimizin fikrincə, Ukraynanı Rusiyaya qarşı müharibəyə hazırlayan başda Londan olmaqla Qərb olub:
“İndi də Rusiya xofunun günü-gündən genişləndiyini, onu süni şəkildə böyütdüklərini görürük.
Rusiyanı şərin təəccəsümü kimi təqdim edirlər. Bu fonda Kreml də xəbərdarlıq edir ki, hər hansı Avropa ölkəsi Rusiyaya qarşı düşünülməmiş addıma yol versə, cavab çox sərt olacaq, hətta nüvə silahına da əl atıla bilər. Proses buna doğru da gedir.
Həqiqətən də bəzi qüvvələr Rusiyanın iştirakı ilə böyük Avropa müharibəsinin olmasına çalışır. Onlar heç nədən çəkinməyərək özlərini elə aparır ki, sanki belə bir müharibə qaçılmazdır”.
Rüfət Sultan, Bizim.Media


































































































