2 qardaşım Şuşada itkin düşdü, biri tapıldı, digərindən xəbərsizik - Bəxşeyiş Əliyev

Hazırda oxunan: 2 qardaşım Şuşada itkin düşdü, biri tapıldı, digərindən xəbərsizik - Bəxşeyiş Əliyev

577836

Əslən Ağdam rayonundanıq. Birinci Qarabağ müharibəsində bizim ailə döyüşlərdə iki şəhid verdi. Mənim iki qardaşım - Əliyar və Əbülfət 33 il bundan əvvəl Şuşa istiqamətində gedən döyüşlərdə itkin düşdülər.

Onlardan birinin - Əliyarın nəşini tapıb bu gün torpağa tapşırmaq bizə nəsib oldu.

Əbülfətdən hələ də xəbər yoxdur.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşmüş Əbülfət və Əliyar Əliyevin qardaşı Bəxşeyiş Əliyev deyib.
 

O, söhbətinə belə davam edib: "Müharibə başlayanda Əliyar Əbülfətlə birlikdə neft şirkətində işləyirdi. Onlar döyüşə də birlikdə yollandılar, eyni gündə və yerdə - 1992-ci il mayın 8-də Şuşada itkin düşdülər.


Əvvəlcə elə bilmişdilər ki, Əliyarla Əbülfət BTR-də yanaraq şəhid olublar.

Amma sonra müəyyənləşdi ki, onlardan biri Əliyar, digəri isə bu gün onunla birgə dəfn olunan Rəfael Abbasovdur. Əbülfətdən hələ də xəbər yoxdur. Ümid edirəm ki, tezliklə ondan da xəbər alacağıq".

Qardaşları barədə xatirələrini bölüşən B.Əliyev Əliyarın yumşaq xarakterli və utancaq, Əbülfətin isə qürurlu və yenilməz olduğunu deyib:
 

"Əbülfət Əliyarı döyüşdə tək qoymadı. Hər ikisi ailələrini, doğmalarını geridə qoyub, Vətən qarşısında borclarını yerinə yetirməyə yollandılar. Əliyar kimi Əbülfətin də tapılacağına, onun da təsəlli üçün məzarının olacağına ümidvarıq".


Qeyd edək ki, Birinci Qarabağ müharibəsinin itkin şəhidi Əliyar Fərrux oğlu Əliyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisində yerləşən "Dədə Qorqud" qəbiristanlığındakı Şəhidlər xiyabanında dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin