Bu gün ikinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Gnüdür.
Bizim.Media 28 oktyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edir:
Rəşad Şəfiyev
13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olub. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil alıb. Ailəli idi. 2 övladı var.
Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak edib. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak edib. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılıbı. Rəşad Şəfiyev 28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan şəhid olub. 29 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Rafiz Hüseynov
12 oktyabr 2000-ci ildə Gədəbəy rayonu Şahdağ kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rafiz Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
28.10.2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rafiz Hüseynov ölümündən sonra “Cəsur döyüşçü”, “ “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə”, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ramazan Göydağlı
4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.
İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib.
2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara qoşulub.
Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib. MAHHXHQ əsgər Ramazan Göydağlı 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda davam edən döyüşlərdə şəhid olub. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İsmayıl Qədirli

1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. 2015-ci ildə orta məktəbi bitirib işləməyə başlayır.
O, 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl Biləsuvar rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur. İsmayıl Qədirli daha sonra Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir.
Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə qəhrəmancasına şəhid olur. O, 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Qədirli İsmayıl ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Həsən Cəlilov
30 mart 1995-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub.
Tam orta təhsilini Qarahəsənli kənd tam orta məktəbində alan Həsən 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlayıb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlısı Cəlilov Həsən 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək Cəlilov Həsən 28 oktyabr 2020-ci ildə qəhramancasına şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə Cəlilov Həsən ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Həsən Cəlilovun nəşi Şərur rayon Qarahəsənli kənd qəbiristanlığında dəfn olunub.
Mirmöhsüm Əhmədov

21 yanvar 2002-ci ildə Neftçala rayonuda anadan olub. Orta təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbdə başa vurub. Ardınca, Bakı Biznes və Kooperasiya kollecində təhsilini davam etdirib.
Mirmöhsüm 13 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli, Xocavənd və Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərib, 28 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhərmancasına şəhid olub.
Şəhid Mirmöhsüm Əhmədov doğulub boya-başa çatdığı Neftçala rayonunda torpağa tapşırılıb. Prezident İlham Əliyevin Sərəncamları ilə Mirmöhsüm Əhmədov ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Elnur Dadıyev
6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli, 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69 saylı məktəbində oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016-cı ildə oranı bitirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Sadiq Baxışov

O, 2001-ci il dekabr ayının 12-də Xaçmaz rayonu Çarxı kəndində anadan olub.
2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fəal olan şəhidimiz Füzulinin azad edilməsində yaxından iştirak edib. Oktyabrın 28-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Sadiq Baxışov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media


































































































