Dərsliklərlə bağlı YENİLİK – Hər kəsi narahat edən boşluqlar aradan QALDIRILIR?

Hazırda oxunan: Dərsliklərlə bağlı YENİLİK – Hər kəsi narahat edən boşluqlar aradan QALDIRILIR?

577505

Dərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrə müsabiqə elan olunub. Elm və Təhsil Nazirliyinin məlumatına görə, seçilmiş ekspertlər azərbaycan dili (tədris dili), azərbaycan dili (dövlət dili), riyaziyyat, həyat bilgisi, azərbaycan tarixi, coğrafiya, fizika, biologiya, kimya fənləri üzrə dərslik komplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodik vəsait) layihələrini müvafiq meyarlar əsasında qiymətləndirəcəklər.

Əlavə olaraq, dərsliklərin dil-üslub baxımından qiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspert xidməti tələb olunur.

Müsabiqədə iştirak etmək üçün müvafiq ixtisas üzrə ali pedaqoji təhsil, MİQ-də 80%-dən yuxarı nəticə və ya minimum 10 (on) il pedaqoji staj, fənn üzrə təhsil proqramı (kurikulum) ilə işləmə bacarığı, İKT-dən istifadə bacarıqlarının olması şərtləri ödənməlidir.

Xatırladaq ki, dərsliklərlə bağlı problemə elm və təhsil naziri Emin Əmrullayev də toxunaraq şagirdlər üçün normal dərslik yazılmasının vacib olduğunu bildirmişdi.

Bəs ekspert rəyi dərsliklərdə nəyi dəyişəcək və əvvəllər də bu metoddan istifadə olunubmu?

Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bunun yenilik olduğunu deyib:

“Əvvəlki dövrlərdə, sadəcə, komissiya üzvləri və ya komissiyadan kənarda kiminsə dərsliklərin monitorinqinin aparılmasına imkan yaradılırdısa, indiki xidmət isə yenilikdir.

Belə bir xidmətin təşkili, müvafiq müsabiqə və müsahibə əsasında ekspertlərin dəvət olunması, dərsliklərdə olan müəyyən boşluqların və müəyyən çatışmazlıqların aradan qaldırılmasına mühüm töhfə verə bilər. Belə bir ekspert xidmətindən faydalanmaq bura qədər olan dərsliklərdəki boşluqların aradan qaldırılmasına imkan yaradacaq”.

Onun sözlərinə görə, bundan sonra dərsliklərdə müşahidə etdiyimiz xətaları görməyəcəyik və ya istisna hal kimi hansısa xətalar ola bilər:

“Ümumilkdə bu müsabiqəni müsbət məqam kimi dəyərləndirmək olar. Peşəkar şəxslərin, mütəxəssislərin prosesə cəlb olunması ilə onların bilik və bacarıqlarının yenidən qiymətləndirilərək ekspert fəaliyyətinə imkan yaradılması həm təhsil alanlar, həm də təhsil verənlərin daha keyfiyyətli dərsliklə təmin olunmasına imkan yaradacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin