Smartfonlardan asılılıq artdıqca onların təhlükəsizliyi də önə çıxır. Kontaktlar, bank məlumatları, şəxsi şəkillər və mühüm yazışmalar, bütün bu məlumatlar tək bir cihazda saxlanılır. Bu səbəbdən smartfonun hücuma məruz qalması və ya zərərli proqramlara yoluxması daha real təhlükəyə çevrilib. Mütəxəssislərin sözlərinə görə, bu gün hakerlər və fırıldaqçılar daha peşəkar metodlardan istifadə edirlər, lakin telefona kənar müdaxilə olunduğunu dərhal hiss etmək mümkündür.
Bizim.Media xarici mediaya istinadla bu sahədə iki əsas əlamət barədə xəbər verir.
1. Batareyanın sürətli boşalması
İstifadəçilər çox zaman batareyanın tez boşalmasını cihazın köhnəlməsi ilə əlaqələndirirlər. Lakin bu hal telefonun zərərli proqramla yoluxduğunu da göstərə bilər. Cihaza gizli şəkildə quraşdırılan tətbiqlər arxa fonda işləyərək resursları sərf edir, məkan izlənməsi və ya məlumat ötürülməsi kimi əməliyyatlar aparır. Bu isə enerji sərfiyyatını artırır və telefonun isinməsi ilə müşayiət oluna bilər.
2. Naməlum tətbiqlərin peyda olması
Əgər əsas ekranda özünüz quraşdırmadığınız yeni tətbiqlər görürsünüzsə, bu ciddi xəbərdarlıq siqnalıdır. Hakerlər məlumat oğurluğu və izləmə üçün saxta və ya gizlədilmiş proqramlar quraşdıra bilərlər. Bu cür tətbiqlər çox vaxt adi oyun və ya sistem aləti kimi təqdim olunur.
Mütəxəssislər belə hallarda problemi görməzdən gəlməməyi tövsiyə edir. Bu zaman şübhəli tətbiqləri silin, parolları dəyişin və mümkün risklərin qarşısını almaq üçün rəsmi servis mərkəzinə müraciət edin. Eyni zamanda, proqram təminatını mütəmadi yeniləmək cihazın təhlükəsizliyini qorumaqda əsas addımlardan biri hesab olunur. (Lent.az)
Bizim.Media





























































































