Son illərdə müəllimlərin uşaqlara qarşı qeyri-etik hərəkətləri – hətta təhqir, təcavüz kimi qəbuledilməz hallara yol verməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Təhsil ocaqları, yaxud etibar etdiyimiz repetitorlar əslində, bilik formalaşdırmalı halda, belə hadisələr müəllim adına ləkə gətirir.
Uşaqların psixologiyasına dərin zərbə vuran bu hallar bir daha göstərir ki, müəllim peşəsi yalnız biliklə deyil, həm də mənəvi və psixoloji sağlamlıqla bağlı məsuliyyət tələb edir. Artıq müəllimlərin işə qəbulu zamanı sadəcə ixtisas imtahanı deyil, ciddi psixoloji testlərdən keçmək də zərurətə çevrilib.
Müəllimlərin psixoloji yoxlanması zəruridirmi?
Mövzu ilə əlaqədar təhsil eksperti Ofeliya Əliyeva Bizim.Media-ya bildirdi ki, məcburi olaraq müəllimlərin psixoloji testə cəlb olunmasına dair hüquqi norma yoxdur. Bununla bağlı müəyyən təşəbbüslər, psixoloji dəstəklər bağlı çağırışlar, layihələr keçirirlsə də standart proses hələ ki nəzərdə tutulmayıb.
“Təəssüf ki, günümüzdə müəllimlik peşəsinə yaraşmayan qeyri-etik davranışlarla rastlaşırıq. Ümumilikdə müəllimlər və digər təhsil işçiləri üçün isə qanunvericilikdə konkret etik davranış qaydaları müəyyənləşdirilib. “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən müəllim şagirdinin şərəf və ləyaqətini ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə yol verməməlidir. Bu qaydalar pozulduğu halda qanunauyğun şəkilldə tədbirlər görülür. Müəllimlərin işə qəbulu zamanı müsahibə mərhələsində namizədin pedaqoji yanaşması, emosional vəziyyəti qiymətləndirilir. Bu da tam olaraq psixoloji test sayılmır. Bu sahədə hələ ki özəl məktəb və liseylər öncüldürlər, belə təhsil müəssisələrində şəxsiyyət tipinə dair ciddi sorğular tətbiq edilir”.
Xatırladaq ki, bu günlərdə Astarada 14 yaşında yeniyetmə qız hazırlıq müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalmışdı. Bundan əvvəl də Xaçmaz rayonunda fiziki tərbiyə müəllimi məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə gündəmə gəlmişdi.
Şəfiqə Şəfa, Bizim.Media




























































































