Xəstəxana direktoru tərəfindən döyüldüyünü iddia edən İŞÇİ – “Şikayətimi geri çəkmək üçün diz çökdürdü” - VİDEO

Hazırda oxunan: Xəstəxana direktoru tərəfindən döyüldüyünü iddia edən İŞÇİ – “Şikayətimi geri çəkmək üçün diz çökdürdü” - VİDEO

577041

“Həsən Hüseynov mənə hədə-qorxu gəlir, yaşaya bilmirəm. Yenə məni çağırıb deyir ki, bilirsən ki, mən arxalıyam, filankəs mənim bacanağımdır, sən mənə bata bilməzsən”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Sabirabad Mərkəzi Xəstəxanasının direktoru Həsən Hüseynovun tapşırığı ilə döyüldüyünü iddia edən xəstə baxıcısı Xalidə Cümşüdova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda xəstəxana direktoru işçini döydü – İDDİA/VİDEO


Onun sözlərinə görə xəstəxananın tibb bacısı ondan pul istəyib, X.Cümşüdova pulu verə bilməyəcəyini dedikdən sonra ona qarşı bullinq edilib:

“2023-cü ildə xəstəxanada işə düzəlmişəm. Bir müddət sonra baş tibb bacısı Sima xanım məndən 450 manat məbləğində pul istədi. Himayəmdə 2 azyaşlı uşaq var, pulu verə bilmədim. Verə bilməyəndə haqqımda şayələr yaymağa başladı, böhtan atdı. Dedi, səni burada işləməyə qoymayacağam.

Dediyinə görə məndən alacağı pulu, Həsən Hüseynovla bölüşəcəkdi. Amma Həsən Hüseynov şikayətlərimə baxmadı, əvəzində mənə töhmətlər verdi. Mən də bundan sonra onu məhkəməyə verdim, bütün aidiyyəti orqanlara müraciət elədim. Məhkəmədə töhmətlərin əsassız olduğu aşkar edildi və silindi.


Daha sonra H.Hüseynov məni otağına çağırdı, İnsan Resursları şöbəsinin müdiri Vüqar müəllimə dedi ki, nə edirsən, et, bunu susdur. Bundan əvvəl də otağına çağırıb təhqir edirdi, nalayiq sözlərlə şəxsiyyətimi alçaldırdı, mən də artıq dözə bilmədim. Həmin gün də məni çağıranda dedi ki, Xalidə, tez şikayət məktublarını geri çəkməlisən, yoxsa başın ağrıyacaq.

Mən də dedim ki, “götürməyəcəyəm”. Bu zaman Vüqar müəllimə dedi ki, get, tədbir gör. Vüqar məni otağa apardı, yenə məktubu geri götürməyimi söylədi. Mən qarşı gələndə əlinin arxası ilə başımdan vurdu. Sonra məni Həsən Hüseynovun otağına apardı. Dedilər ki, diz çök, dizini yerə qoy, üzr istə, bizə yalvar. Dizimi yerə qoyub yalvarmağa məcbur qaldım. Gözlərimi yumdum, o anları görmək istəmədim”. 

“Həsən Hüseynov xəstəxanaya rəhbər gələndən ana və uşaq ölümləri baş alıb gedir

Xalidə Cümşüdovanın iddiasına görə H.Hüseynovun rəhbər olduğu dönəmdə xəstəxananın əmlakı mənimsənilib:

“2025-ci ilin yanvarında məni əmək müqaviləsinin bitməsi adı ilə işdən azad etdilər. Ayın 13-də məsələ böyüdükdən sonra yenidən  məni yalandan barışıq adı ilə işə çağırdılar. Kənd məntəqəmiz var, ora məni aşpaz olaraq təyin etdilər. Mən bu işə etiraz edəndə H.Hüseynov dedi ki, işləməsən, sənin haqqında tədbir görəcəyəm. Həsən Hüseynov xəstəxanaya gələndən bəri ana, uşaq ölümü baş alıb gedir. İndiyədək neçə yenidoğulan əkiz körpələr ölüb.
 

Ekspertizaya zəng edib saxta rəylər yazdırırdılar. Xəstəxananın mülkünü mənimsəyib aparırdılar. Xəstələrə ayrılan  ləvazimatları oğurlayıb daşıyırdılar. Onun haqqında araşdırma başlanılıb. 1 milyondan çox pul mənimsədiyi haqqında rəsmi fakt var”, - deyə qadın şikayətçi bildirib. 


Onu da qeyd edək ki, Sabirabad rayon prokurorluğunda Mərkəzi Xəstəxanada yeyinti olması ilə bağlı araşdırmalara başlanılıb. 

Sözügedən iddialarla bağlı Sabirabad rayon Mərkəzi Xəstəxanası ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.  

Mövzunu diqqətdə saxlayacağıq.













Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin