5 il öncə BU GÜN – 21 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Hazırda oxunan: 5 il öncə BU GÜN – 21 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

576471

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 2020-ci il 21 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir.

Anar Əliyev


1980-ci avqustun 28 də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Atası və anası ingilis dili müəllimi işlədiyi üçün onun 1 yaşı olanda onlar təyinatla Ağdərə rayonunun Göyarx kəndinə köçüblər. Bir müddət orada yaşayıblar. Anar Əliyev ilk təhsilini də bu kənddə alıb.

1988-ci ildə məcburi köçkün kimi Tərtər rayonunun Bəyimsarov kəndinə gəliblər. Təhsilini burada davam etdirib. Kiçik yaşlarından hərbə böyük marağı olan Anar Əliyev, ali təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində alıb. Azərbaycan Ordusunun zabiti iş həyatına başladığı gündən yalnız kəşfiyyat briqadasının tərkibində yer alıb. İlk dəfə 2001-ci ildə Bakıda N saylı kəşfiyyat briqadasında leytenant kimi işə başlayıb. Sonra təyinini Salyan rayonuna alıb. Şəhadətə ucalan günə kimi isə (6 il) xidmətini Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində davam etdirib.

Anar Əliyev 2008-ci ilin yanvar ayında kapitan, 2012-ci ilin iyununda mayor, 2015-ci ilin iyununda vaxtından əvvəl polkovnik-leytenant rütbəsi alıb. 5 dil (azərbaycan, türk, ingilis, rus, erməni) bilən Azərbaycan Ordusunun yüksək rütbəli zabiti mütəmadi olaraq xarici ölkələrdə kurslarda təlimərdə iştirak edib. ində xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyev edib. Həmin təlimdə Azərbaycan birincilik əldə edib.

2019-cu ildə keçirilən Beynəlxalq Qars təlimində xüsusi təyinatlılara rəhbərliyi Anar Əliyev edib.

Həmin təlimdə Azərbaycan birincilik əldə edib.

Zəngilan rayonunun alınmasını Ali Baş Komandana məhz Anar Əliyev məruzə edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən Anar Əliyev, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda" və "Şuşanın işğaldan azad olunması" medalları ilə təltif olunub.

Toğrul Atakişiyev


2000-ci il fevralın 25-də Beyləqan şəhərində anadan olub. 2020-ci il iyun ayının 27-də hərbi polis kursuna qəbul olub. Hərbi polis kursunu bitirdikdən sonra Lənkaran şəhərində yerləşən Hərbi Polis İdarəsində işə başlayıb.

Toğrul Atakişiyev öz istəyi ilə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılıb, Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Toğrul Atakişiyev oktyabrın 21-də Hadrut döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”, “İgidliyə görə” medalı ilə təltif edilib.

Aşur Cəmiyev


18 iyun 1989-cu ildə Şahbuz rayonunda anadan olub. 1995-ci ildə Naxcıvan şəhər Qambay Vəzirov adına 6 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub.

2003-cü ildən orta təhsilinin qalan hissəsini Heydər Əliyev adına Hərbi liseydə davam etdirib. Liseyi bitirdikdən sonra 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin H.Əliyev adına Akademiyasına daxil olub. 2010-cu ildə həmin akademiyanı “İnzibati idarəetmə, sərhəd qoşunları komanda-taktiki” ixtisası üzrə uğurla bitirib və öz təyinatını Lənkəran sərhəd dəstəsinə alıb.

2010-2019-cu illər ərzində Lənkəran sərhəd dəstəsində müxtəlif vəzifələrdə xidmət edərkən öz intizamı, əməksevərliyi ilə fərqlənib, əməliyyat şəraiti çətin olan ucqar dağ sərhəd zastavalarında sərhədin mühafizəsində uğurlar qazanıb. 2019-cu ildən xidmət yeri Sərhəd Qoşunlarının Qazax əlahiddə sərhəd diviziyasına kəşfiyyat bölüyünün komandiri vəzifəsinə dəyişdirilib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Aşur Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə, Zəngilan şəhərinin azad ollunmasında yaxından iştirak edib və fərqləndiyinə görə xüsusi qeyd edilib. 21 oktyabr 2020-ci ildə Zəngilan şəhərində düşmənin əks hucumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Ailəli idi, 3 övladı var.

Kapitan Cəmiyev Aşur Bəybala oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. 24 oktyabr 2020-ci ildə Naxçıvan şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

Elsevər Əhədzadə


3 iyul 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli tam-orta məktəbin birinci sinifinə gedib. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat texnologiyası fakültəsinin Tikinti matereallarının və məmulatlarının mühəndisliyi ixtisasina qəbul olub. Universiteti yüksək nəticələr ilə bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasında xidmətə çağırılıb. Tovuz rayonunun “N” saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə xidmətini başa vurub.

21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən müharibəsi”-nin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli istiqamətində aparılan əməliyyatlarında iştirak edib. 21.10.2020-ci il tarixində Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elsevər Əhədzadə ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Elnur İbrahimov


Dövlət Sərhəd Xidməti Xüsusi təyinatlı qüvvələrinin hərbi qulluqçusu gizir İbrahimov Elnur 1998-ci il avqustun 29-da Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub.

2004-cü ildə Ələt qəsəbəsinin 302 saylı tam orta məktəbinin 1-ci sinfinə gedib, 2015-ci ildə 11-ci sinifi bitirib. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti Dövlət Sərhəd Xidmətinin Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ilə İran sərhədində keçirib. 2018-ci ilin aprel ayında isə hərbi xidməti bitirib. Hərbi xidməti bitirdikdən sonra Dovlət Sərhəd Xidmətinin gizir kursunda təhsil alıb. 2019-cu ilin aprel ayında Dövlət Sərhəd Xidmətinin Lənkəran korpusunda gizir rütbəsi qrup komandiri vəzifəsi ilə işə başlayıb.

2020-ci il avqust ayında könüllü olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibinə keçib. Sentyabrın 27-də müharibə başlayan gündən döyüşlərdə iştirak edib.

Oktyabrın 21-də Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 22-də Hacıqabul rayonunun Navahı kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif olunub.

Vüsal İsmayılzadə


2001-ci il oktyabr ayının 17-də Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Hərbi Komissarlığa çağırılıb.

Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib.

Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərə şəhidlik zirvəsinə ucalıb.

22 oktyabr 2020-ci ildə doğulduğu Buzovna qəsəbəsində dəfn olunub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərənacamına əsasən "Vətən uğrunda", “Cəbrayılıb azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin