Bakıda qarğaya bənzəyən quşların sayı ARTIB – Onlardan EHTİYATLI OLUN! – VİDEO

Hazırda oxunan: Bakıda qarğaya bənzəyən quşların sayı ARTIB – Onlardan EHTİYATLI OLUN! – VİDEO

576457

Son günlər paytaxtda bu mənzərə tez-tez “göz oxşayır”: şəhərin səmasında, parklarda, küçələrdə qara-boz quşların sürülərlə dolaşması... Klassika sevərlər dünya şöhrətli rejissor Alfred Hiçkokun “Quşlar” trillerindəki bənzər səhnələrin şahidi olublar: ürpədici səs-küylü bu qara-boz quşlar insanların həyatını cəhənnəmə çevirir, şəhəri iflic edirlər. Düzdür, Bakıda vəziyyət filmdəki qədər təhlükəli olmasa da, sözügedən quşların artımı şəhər təbiətinə ziyandır. Söhbət zağcalardan gedir!

Çoxları zağcanı qarga ilə qarışdırır, halbuki bu iki quş arasında nəzərəçarpan fərqlər var. Zağca və qarga bir-birinə bənzəsə də (eyni fəsilədəndirlər) mənfi istiqamətdə fərqləri çoxdur.  Zağca daha kiçikdir, boyun hissəsi boz rəngdə olur və gözləri açıq-boz rənglidir. Qargalar isə daha iri, tam qaradır, qapqara gözləri var, nadirən ala növləri olur. Qarğa təkliyi sevəndir, ən yaxşı halda cütü ilə gəzir. Yalnız təhlükə hiss edəndə sürü halına gəlirlər. Zağcalar isə sürülərlə hərəkət edir, bir-birilə ürpədici səs siqnalları vasitəsilə əlaqə saxlayırlar. Şəhərdə axşamlar xoşagəlməz səs-küyün artması da bununla əlaqədardır.

Bəs zağcalar niyə bu qədər çoxalıb, onların təbiətə və şəhər həyatına ziyanı varmı?  

Zooloq Akif Əliyevin Bizim.Media-ya verdiyi məlumata görə, zağcalar şəhər  həyatına ən yaxşı uyğunlaşan quş növlərindən biridir.
 

“Onların ən çox sevdiyi qıda – zibildir! Açıq zibil qutuları, restoran tullantıları və park ərazilərində qalan yemək qırıntıları – onların çoxalması üçün əlverişli şərait yaradır. Bundan əlavə, Bakıda bu quşların təbii düşmənləri yoxdur. Zağcanın ən çox qorxduğu qartalkimilər və bayquşdur ki, bunları da şəhərdə görmək mümkün deyil”.


Bundan başqa zooloq qeyd etdi ki, zağcalar kiçik quşların yuvalarına hücum edərək yumurtaları məhv edir, ətcəbalalarını yeyirlər, ağacların yeni cücərtiləri ilə qidalanırlar ki, bu da ekoloji tarazlığı pozur. Üstəlik bu quşlar gənə, birə kimi təhlükəli həşəratları tükləri arasında gəzdirirlər. Ona görə də xüsusən rütubətli yerlərdə həşəratların çoxalmasına səbəb ola bilərlər. 

Bəs problemi necə həll etmək olar?

A.Əliyev bildirir ki, bunun ən yaxşı yolu açıq zibil qutularının sayının azaldılması, tullantıların vaxtında daşınmasıdır. Yəni bu quşların çoxalması daha çox natəmiz insanların, baxımsızlığın, urbanizasiya problemlərinin nəticəsidir.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin