4 800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirildi

Hazırda oxunan: 4 800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirildi

57580

Bərdədə 90-cı illərin Qarabağ müharibəsi zamanı şəhid olan 4 800 nəfər Vətən övladının paltarlarının basdırıldığı yer əbədiləşdirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, şəhid ailələrinin dəstəyi ilə ərazidə təmizlik işləri aparılıb, ağaclar əkilib.

Şəhidlərin yaxınları şəhid paltarlarının basdırıldığı məkanı ziyarət edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxuyurlar. Burada, həmçinin abidənin inşa edilməsi də nəzərdə tutulur.

Bərdə şəhər “Cümə” məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, 1991-1994-cü illərdə cəbhədən gətirilən şəhidlər Bərdə məscidində yuyulur, kəfənlənərək ünvanlarına göndərilir və ya sahiblərinə təhvil verilirdi. Şəhidlərin əyinlərindən çıxarılan hərbi paltarlar isə həmin bu yerdə torpağa basdırılıb. 44 günlük müharibədə qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin ruhları da rahatlıq tapıb.

Bərdə şəhər sakini Nərgiz Cəfərova iki qardaşının 90-cı illərin Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edərək şəhid olduğunu bildirib:

“Mən şəhidlərimizin paltarlarının burada basdırıldığını bilmirdim. Paltarlar basdırılıb yox, dəfn olunub deyərdim. Yaxşı ki, şəhid paltarlarının dəfn edildiyi bu ərazi əbədiləşdirildi”.

Şəhid atası Fikrət Zeynalov deyir ki, şəhid paltarlarının basdırıldığı ərazinin təmizlənərək əbədiləşdirilməsi həm də şəhidlərə olan hörmət və ehtiramı ifadə edir:

“Biz şəhidlərimizin paltarlarının basdırıldığı bu ərazini ona görə əbədiləşdirdik ki, gələcək nəsillərə örnək olsun. Bizim şəhidlərimizə belə hörmət qoyduğumuzu cəmiyyət görsün. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin