Noyabrın 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanunlara dəyişikliklərin ediləcəyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Belə ki, komitə sədri Tahir Mirkişili parlamentin yaz sessiyasında “Haqsız rəqabət haqqında” qanuna dəyişikliklərin ediləcəyini qeyd edib.
Bəs, bu dəyişikliklər bazarda rəqabətin inkişafında nə kimi imkanlar yaradacaq?
MÖVZU İLƏ BAĞLI:
Siyasi partiyalarda MONOPOLİYA: Sədrlər müavinlərini niyə üzə çıxmağa qoymur? -ARAŞDIRMA
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı daha geniş tədbirlər görülməsinin vacibliyini qeyd edib.
Ekspertin sözlərinə görə, ilk növbədə “Rəqabət məcəlləsinin yaradılmasına ehtiyac var:
“İlk növbədə Rəqabət məcəlləsi qəbul olunmalıdır. Həmin məcəllə 2008-ci ildən bəri parlamentin rəflərində qalıb və təəssüf ki, hələ də qəbul olunmur. Öncə bu məcəllə və sonra da bütün qanunvericilik aktları, o cümlədən “Haqsız rəqabət haqqında” qanun da bu məcəllə ilə uyğunlaşdırılmış şəkildə qəbul olunmalıdır. İstər yenidən, istərsə də düzəlişlər formasında.
Təməl Rəqabət məcəlləsinin özü olmalıdır. Əgər bu təməl olmayacaqsa, bünövrəsi sağlam olmayan hansısa qanunvericilikdə dəyişikliklər etməklə problemi həll etmək mümkünsüz olacaq.
Ona görə də, ilk növbədə parlament, nəhayət ki, Rəqabət məcəlləsini rəfdən alıb diqqətlə müzakirəyə çıxarmalı, eyni zamanda ictimai müzakirələr təşkil olunmalıdır. Rəqabət məcəlləsi qəbul olunduqdan sonra əlaqədar qanunvericilik aktları həmin məcəlləyə uyğunlaşdırılmalıdır”.
Natiq Cəfərli sağlam rəqabətə maneə törədən əsas faktorun məmurların biznesə müdaxiləsi olduğunu qeyd edib:
“Rəqabətlə bağlı Azərbaycanda ən böyük problem məmur biznesi ilə bağlı olur. Bu haqda ən yüksək səviyyədə də zaman-zaman açıqlamalar verilib. Nəticə etibarilə, məmurların biznesdə hegemon rol alması onlara bağlı biznes strukturlarının faəliyyəti rəqabətsizlik mühiti üçün şərait yaradır. Məmurlara bağlı şirkətlər, inzibati resurslardan istifadə edərək haqsız rəqabətdə önə çıxırlar. Onlar daha çox tender udurlar, ölkəyə daha çox mal gətirə bilirlər. Bir sözlə, daha böyük üstünlüklərə malik olurlar.
Bizdə zatən bu qanunvericilikdə var, lakin buna tam da əməl olunmur. Məmurların biznesə qadağası çox sərt şəkildə qanunvericilikdə təsbit edilməli və nəzarət mexanizmləri yaradılmalıdır ki, məmurlar öz biznes fəaliyyətləri ilə haqsız rəqabətə yol açmasınlar”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə Şahin Mustafayevi Baş nazirin müavini təyin edərkən məmurların biznesə müdaxiləsi məsələsinə bu cür münasibət bildirmişdi:
"Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq".
Murad Əhmədov, Bizim.Media