AzTV ilə məhkəmədə görüşməyə hazırıq – AÇIQLAMA - YENİLƏNİB

Hazırda oxunan: AzTV ilə məhkəmədə görüşməyə hazırıq – AÇIQLAMA - YENİLƏNİB

5724

Rövşən Məmmədov hansı tənqidi yazıdan narazıdırsa, məhkəməyə müraciət edə bilər.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi yaydığı məlumatda bir neçə informasiya resursunun qurumun rəhbəri Rövşən Məmmədovun ünvanına sifarişlə yazılar yazmaqda ittiham edib. 

Bizim.Media da Azərbaycan Televiziyasının bu açıqlamasını tirajlamışdı. Yayılan məlumata cavab olaraq, konkret.az iformasiya portalı öz mövqeyini redaksiyamıza yollayıb. 

Konkret.az saytının baş redaktoru Fadil Paşayev düşünür ki, AzTV-nin rəsmi açıqlamasında konkret.az saytının guya bu televiziya ilə bağlı sifarişli yazılar verməsi barədə fikirləri absurd və cəfəngiyyatdan başqa bir şey deyil:

''Rövşən Məmmədovun Azərbaycan Televiziyasını bərbad günə qoyması artıq cəmiyyətin müəyyən kəsiminə məlumdur. Onun haqqında yazılan tənqidi fikirlərə dözümsüz yanaşmaqdansa,sədr yaxşı olar ki, şirkət daxilində höküm sürən adi problemləri həll edərdi. Bizim əlimizdə kifayət qədər ciddi faktlar var. Maliyyə pozuntuları, maxinasiya və digər neqativ hallar müvafiq strukturlara göndərilib''.

''Hesab edirik ki, bu barədə bizim danışmağımız düzgün olmaz. Rövşən Məmmədovun idarəçilik qabiliyyəti yoxdur və dövlətçilik məsələlərində televiziyanın nümayiş etdirdiyi diletantlıq bu qurumda ciddi islahatların aparılmasını şərtləndirən əsas amillərdən biridir. Əgər AzTV-nin indiki rəhbərliyi hansısa tənqidi yazılardan narazıdırsa, məhkəməyə müraciət edə bilər. Hesab edirəm ki, məhkəmələrdə orada baş verən özbaşınalıqlar daha tez aydınlaşacaq" deyə saytdan məlumat verilib''.

Baş redaktor onu da bildirilib ki, biz verdiyimiz yazıların hamısında AzTV rəhbərliyinin söz haqqını da tanımışıq. Qurumdan heç kim cavab vermək iqtidarında olmayıb. O ki, qaldı yazılanlara, “biz hələ dörddə birini yazmırıq”...

Konkret.az saytından sonra ittihamlarda adı çəkilən “Yeniçağ” media qurumunun rəhbəri Aqil Ələsgər də Bizim.Media-ya açıqlama verib: 

“AzTV bizim ödədiyimiz vergilərlə fəaliyyət göstərən dövlət kanalıdır. Bura özəl şirkət deyil ki, orada baş verənlərə, atılan səhv addımlara laqeyd yanaşaq. Biz kanaldan peşəkarların uzaqlaşdırılıb yerinə həyat yoldaşının qohumlarını, dostlarının gətirilməsinə göz yuma bilmərik. Çünki bu televiziya Azərbaycanın ən önəmli kanalıdır və dövlət müəssisəsidir. Bu baxımdan oradakı qüsurların, xüsusən sədri Rövşən Məmmədovun fəaliyyətinin tənqid olunmasına normal yanaşılmalıdır''.

''Çox təəssüf edirəm  ki, bu şəxs mətbuata Əli Həsənovun və Vüqar Səfərlinin taktikası ilə yanaşır. Bilirsiniz ki, Azərbaycan mətbuatında “rekertçilik” Əli Həsənovun çörək ağacı idi. Hansısa jurnalist onların sözünə, tapşırığına qarşı çıxanda adını qoyurdular ki, filankəs “rekert jurnalistdi”. Bu gün  Rövşən Məmmədov da eyni təfəkkürlə çıxış edir”.
Jurnalist R.Məmmədovun kanala rəhbərlik etməsinə bir etirazı olmamasını, ancaq onun fəaliyyətində etdiyi qüsurları tənqid etdiyini söyləyib. A.Ələsgər söhbət əsnasında dövlət televiziyasında olan qanun pozuntuları,orada baş verən kadr islahatları barəsində dəlillərsiz danışmadığını bildirib: 

“Əlimdə AzTV-də baş verən qanunsuz proseslər barəsində çox ciddi sübutlar var. Əgər dövlət qurumları tələb etsə, biz bu dosyeləri onlara təqdim etməyə hazırıq. Ancaq AzTV-nin kadrlar idarəsinin rəisinin belə, bu şəxsin xanımının rəqfiqəsi olması və digər oxşar məsələlər şirkət dəhlizlərində hamının müzakirə etdiyi mövzulardır. Əgər Rövşən Məmmədov bacarıqlıdırsa, özəl şirkət açıb bütün dost tanışını, qohumlarını orada işlə təmin etsin, buna heç kəs etiraz etməz. Ancaq dövlət televiziyasında bu şəkildə işə götürmək və ya işdən uzaqlaşdırma halları yolverilməzdir”,- deyə o, qeyd edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin