Bakı Şəhər Təhsil İdarəsi Xətai rayonu NZS qəsəbəsində yerləşən 165 nömrəli orta məktəbdəki biabırçılıqla bağlı açıqlama verib.
Qurumun mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan məktəbində BİABIRÇILIQ: Şagirdlər sinif otağında elə hərəkətlər etdilər ki... - VİDEO
“Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb”.
Qurum rəsmisi əlavə edib ki, ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Tədris prosesinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Alçina Amilqızı, Bizim.Media