Həyətində Stalinin heykəli olan Oğuz sakini – Mədəniyyət Nazirliyinin “heykəl parkı” ideyası nə yerdə qaldı?

Hazırda oxunan: Həyətində Stalinin heykəli olan Oğuz sakini – Mədəniyyət Nazirliyinin “heykəl parkı” ideyası nə yerdə qaldı?

56890

Artıq 31 ci ildir ki, Azərbaycan öz müstəqilliyini bərpa etsə də ölkəmizdə sovet tarixi keçmişini xatırladan abidələr qalmaqdadır.

Bu mənada Qusarın Yasab kəndində alman kommunisti Ernest Telmanın, Oğuzun Çaldaş və Qaxın Əlibəyli kəndlərində SSRİ lideri olmuş gürcü əslli Stalinin heykəlləri hələ də öz daş ömrünü yaşayır. 

Bizim.Media-ya verilən məlumata görə, bu heykəllərin indiyə kimi sağ-salamat qalmasında yerli sakinlərin rolu olub. Onlar xahiş ediblər ki, bu daş abidələrə toxunulmasın.

Məsələn, sovet dövründə Qusarın Yasab kəndindəki sovxoz Ernest Telmanın adını daşıyıb və alman kommunistin heykəli də həmin vaxt onun şərəfinə kənddə ucaldılıb.

Oğuz və Qax rayonlarında da gürcü əsilli SSRİ rəhbəri olmuş Stalinin heykəli sovetin qızğın vaxtında dövlət strukturlarının razılığı əsasında qoyulub. Qeyd etdiyimiz tarixi heykəllər indi uçulub dağılmasa da baxımsız vəziyyətdədir. Hətta Stalinin Oğuzun Çaldaş kəndindəki heykəli yerləşən sahə pay torpağı kimi sakinlərdən birinə satılıb və orada ev də tikilib.

Maraqlıdır, sovetin yadigarları olan bu heykəllərin taleyi necə olacaq? Bu heykəllər harada qeydiyyatdadır və qeydiyyata alına bilərmi? 

Oğuzun Çaldaş kənd bələdiyyəsinin sədri Məhəmməd Yolçiyevin sözlərindən isə  belə yəqin etdik ki, bu heykəl heç yerdə qeydiyyatda deyil.
 

Məhəmməd Yolçiyev kənddəki tarixi heykəllə bağlı sorğumuza cavabı da sualla verdi: "Stalinin heykəli nə vaxtdan tarixi abidə olub?" Düzü, bu heykəllərlə bağlı öz şərhimizi verməzdən əvvəl Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə müraciət ünvanladıq.


"Bu tarixi heykəllər harada qeydiyyatdadır? Qeydiyyatda deyilsə, bəs bu heykəllərin taleyi necə olacaq? Bir neçə il əvvəl belə bir məlumat vardı ki, tarixi heykəllərlə bağlı Mədəniyyət Nazirliyi yer ayırıb və park yaratmaq istəyir. Doğrudurmu?

Mədəniyyət nazirliyindən isə bildirilib ki, bu kimi abidələrin indiyədək qorunub saxlanılması ölkəmizdə yaşayan azsaylı xalqlar və etnik qruplara qoyulan böyük hörmət ilə bağlıdır: 
 

“Gürcülərin kompakt şəkildə yaşadığı Qax rayonunun Əlibəyli kəndində əslən gürcü olan Stalinin abidəsi bu gün də qalmaqdadır. Yerli əhali XX əsrin ortalarında ucaldılmış bu heykəlin dağıdılmasına imkan verməmiş, qoruyub saxlamışdır.


Müxtəlif tarixi dövrlərdə ucaldılan bu heykəllərin yerli əhalinin istəyinə uyğun olaraq qorunub saxlanılması istiqamətində işlər aparılır. Lakin bu kimi tarixi heykəllər üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi parkın ayrılması isə həqiqəti əks etdirmir”.


Aytəkin Alxaslı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin