Nurlan və İntiqam qardaşları Masallı rayonunun Viləş kəndində doğulub boya-başa çatıblar. Hər ikisi hərb sənətini seçiblər. Onlar təkcə qardaş yox, həm də döyüş yoldaşı olublar. Heç vaxt bir-birilərindən ayrılmayan qardaşların hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyündə xidmət edib.
Bizim.Media bildirir ki, Nurlan Əsgərov Azərbaycanda, qardaşı İntiqam Əsgərov isə Türkiyədə kəşfiyyat kursunu bitirib. Nurlan Aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində - Şuşa uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Dörd il əvvəl - Aprel döyüşlərində Nurlan Əsgərov Talış kəndi istiqamətindəki döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. 21 yaşlı döyüşçü qardaşı İntiqamın gözləri önündə şəhid olub.
Nurlanla döyüşçü yoldaşlarının yanında mərmi partlayıb, üç nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Yaşca özündən kiçik qardaşının cansız bədənini döyüş meydanından da elə İntiqam özü çıxarıb...
İgid döyüşçülərin anası Ziba Əsgərova oğlanları ilə fəxr etdiyini bildirib: "Mən övladlarımla fəxr edirəm. Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Düşmən bizim ağladığımızı, sarsıldığımızı görməməlidir".
"Biz onlara göstərməliyik ki, igidlərin arxasında igid durur. Balam İntiqam qardaşı Nurlanın intiqamını, dostlarının qisasını aldı, axıracan getdi, Şuşaya qədər döyüşdü. Orada da şəhid oldu. İntiqam şəhidlik yolunda da qardaşını tək buraxmadı. Əvvəldən də bir yerdə idilər, indi də bir yerdə oldular, cənnətdə qovuşdular..."
İki şəhid atası Bayram Əsgərov deyir ki, böyük oğlu İntiqama həm Vətəninin, həm qardaşı Nurlanın, həm də döyüşçü yoldaşlarının intiqamını almaq nəsib oldu: "Övladlarım həmişə Vətəni düşünərdilər".
"İstəmirdilər ki, torpaqlarımız düşmən tapdağı altında qalsın. Qardaşı şəhid olandan sonra İntiqam gözləyirdi ki, nə vaxtsa hücum əmri veriləcək və düşmən ayağı o torpaqlardan birdəfəlik təmizlənəcək. İntiqam Vətəninin, qardaşının, döyüş yoldaşlarının qisasını aldı. Amma, öz ömrünə də şəhidlik yazıldı. Oğlum Şuşada şəhid oldu. Şuşada qazanılan Zəfərdə İntiqamın da payı var..."
Hazırda Əsgərovlar ailəsində 30 yaşlı İntiqamın Nur adlı balaca qızı böyüməkdədir. Aprel şəhidi olan əmisi Nurlanın şərəfinə onun adını Nur qoyublar. Ailənin gəlini isə bətnində İntiqamın varisini daşıyır. Ziba nənə nəvəsinə indidən atasının adını qoyacağını deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə şəhid gizir Əsgərov İntiqam Bayram oğlu ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. ( Azərtac)
Allah rəhmət eləsin!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
02:25 / 19.12.2020
Aprel və Vətən müharibəsində şəhid olan qardaşlar - FOTO
Hazırda oxunan: Aprel və Vətən müharibəsində şəhid olan qardaşlar - FOTO
Hazırda oxunan: Aprel və Vətən müharibəsində şəhid olan qardaşlar - FOTO
5685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.