Hərbi Prokurorluqda ötən il görülən işlər müzakirə edildi - FOTO

Hazırda oxunan: Hərbi Prokurorluqda ötən il görülən işlər müzakirə edildi - FOTO

56503

Yanvarın 21-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2021-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, iclas iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, planeti cənginə alan koronavirus (COVID-19) pandemiyasına rəğmən, 2021-ci ildə də dövlətimizin daha da qüdrətlənməsi və əhalinin rifahının hərtərəfli yaxşılaşdırılması prosesinin davamlılığı təmin edilib.

Eyni zamanda, lider-xalq-ordu birliyinin sayəsində hərbi və siyasi-diplomatik yolla işğaldan azad olunmuş tarixi ərazilərimizdə abadlıq-quruculuq işləri uğurla həyata keçirilib.

Ötən il iqtisadi artım 5 faizdən çox olub, qeyri-neft iqtisadiyyatı isə 7,2 faiz artıb. Ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Eyni zamanda, əməkhaqqıları, pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılıb, manatın məzənnəsinin sabitliyi təmin edilib. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, dövlətimizin başçısının yürütdüyü siyasət alternativsizdir.

2021-ci il prokurorluğun tarixinə mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü kimi düşüb. Hazırda bu proses uğurla davam etdirilir.

Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış bəzi cinayətlər əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə qeydə alınmış tabeçilik qaydaları əleyhinə cinayətlər 6 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 42,4 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 25 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 20,8 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 17,6 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,1 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 25 faiz azalıb.

2021-ci ilin noyabr-dekabr aylarında bilavasitə Hərbi Prokurorluq orqanları tərəfindən 73 şəxs barəsində amnistiya aktı tətbiq edilib.
Eyni zamanda, bu dövrdə prokurorların iştirakı ilə hərbi məhkəmələr tərəfindən 81 şəxs barəsində və prokurorluğun prosessual rəhbərliyi ilə müvafiq qurumlar tərəfindən 114 şəxs barəsində amnistiya aktı tətbiq olunub.

Hərbi prokuror qeyd edib ki, indiyədək 2908 nəfərin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətləri müəyyənləşdirilərək meyitləri ailələrinə təhvil verilib.

İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, axtarış qrupları tərəfindən müntəzəm iş aparılır.

Kollegiya iclasında bildirilib ki, ötən illərdə olduğu kimi, 2021-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. 

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 6 işçisi intizam məsuliyyətinə cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin