Bu gün Siyəzən rayonunun Böyük Həmyə kəndinin ən uzunömürlü sakini Əmrah Hacəli oğlu Məmmədovun 101 yaşı tamam olub.
Doğum günü ərəfəsində Əmrah Məmmədov Bizim.Media-nın müsahibi olub.
İkinci Dünya Müharibəsində Macarıstan, Polşa, Ukrayna cəbhələrinə qədər döyüş yolu keçən Əmrah kişi uzun ömür yaşamağının sirrini izləyicilərimizə açıqlayıb:
“Müharibədən gələndən sonra rayonda müxtəlif vəzifələrdə işləmişəm. Heç vaxt kiminsə haqqına girib, haram tikə yeməmişəm. Vəzifədən sui-istifadə edib rüşvət almamışam. Alnıaçıq, üzüağ olmağım da daha çox yaşamağıma səbəb olub”.
Ağsaqqal həm də yemək rejimini və hansı nemətlərlə qidalandığını da diqqətə çatdırıb:
“Heç vaxt yemək rejimimi pozmuram, eyni vaxtda qidalanıram. Üstəlik də təbii məhsullara üstünlük verirəm”.
Qeyd edək ki, 101 yaşını qeyd edən Əmrah Məmmədovun hazırda 6 övladı, 34 nəvəsi, 55 nəticəsi və 3 kötükcəsi var. O, həyat yoldaşını və 8 övladından ikisini itirib.
Aytəkin Alxaslı, Bizim.Media