Rüşvət üstündə tutulan vəzifəli şəxslə bağlı açıqlama

Hazırda oxunan: Rüşvət üstündə tutulan vəzifəli şəxslə bağlı açıqlama

5622

Baş Prokurorluq Tibbi Sosial Ekspert Komissiyasının sabiq sədri və digər vəzifəli şəxsi ilə bağlı cinayət işi başlanılması haqda açıqlama verib.

Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında  500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.

17 dekabr 2020-ci il tarixdə Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin