Yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis və prokurorluq orqanlarının əmədaşları tərəfindən əraziyə baxış keçirilib. Qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib. Hazırda onun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər.
Dindirilmə zamanı S.Məmmədov qadını necə öldürdüklərini etiraf edib:
“Mənə dedi ki, “bir qadın qohumum var və mən onu öldürəcəm. Sən də maşında olarsan. Birdən düşüb qaçmaq istəsə mane olarsan”. Sonra əlində olan üç bıçaqdan birini mənə verdi, digər ikisindən birini öz cibinə, birini də maşına qoydu. Saat 12-ə qalmış gəldik bir kafenin arxasına, maşını orda saxladı. Mənə dedi ki, düşüb arxada oturum. Sonra qız gəldi bunun yanında oturdu.
Həmin yerdən uzaqlaşdıq. Qəfildən bıçağı çıxarıb qızın boyun hissəsindən vurdu. Sonra qarın və baş hissəsinə də çoxsaylı bıçaq zərbələri vurdu. Sonra qız qapını açmaq istəyəndə qışqırıb mənə dedi ki, “vur onu” həmin an mən də vurdum. Qız da elə maşının içində öldü”.
Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər.
Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media