Vilayət Eyvazov DİN-də videokonfrans formatında iclas keçirdi

Hazırda oxunan: Vilayət Eyvazov DİN-də videokonfrans formatında iclas keçirdi

56013

Bu gün Daxili İşlər Nazirliyində 2021-ci ilin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, videokonfrans formatında keçən iclasda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitliyin 2021-ci ildə də etibarlı qorunduğunu deyib. Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. 

Nazir V.Eyvazov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2021-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31.131 cinayət qeydə alınıb və onlardan 94,2 faizi daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olub.
 

MÖVZU İLƏ BAĞLI:

Vilayət Eyvazovdan YENİ TƏYİNAT


Cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb. Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə hesabat dövründə 39 faiz artaraq 7837 fakt təşkil edib.

Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 332 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub.

O da qeyd olunub ki, müqayisə edilən dövrə nisbətən 2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3, o cümlədən qəsdən adam öldürmələr 13, adam öldürməyə cəhdlər 16,7, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, onlardan mənzillərdən edilənlər 14, soyğunçuluqlar 26 faiz azalıb.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində 268 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitənin çıxarıldığını, 174 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini vurğulayan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib.

Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyini, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirilidiyini xüsusi vurğulayıb və bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.

İclasda Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov, Baş Mühafizə İdarəsinin rəisi polis general-mayoru Nurullah Məmmədxanlı, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Teymur Hacıyev, Sumqayıt şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev və ərazi polis orqanlarının rəisləri hesabat məruzəsi ilə çıxış ediblər.

İclasa yekun vuran daxili işlər naziri 2021-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdıraraq onların hərtərəfli təhlili, aradan qaldırılması yolları, həmçinin qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin