Etibar Məmmədovla 20 Yanvarla bağlı ÖZƏL MÜSAHİBƏ – “Mən heç vaxt elə söz deməmişəm”

Hazırda oxunan: Etibar Məmmədovla 20 Yanvarla bağlı ÖZƏL MÜSAHİBƏ – “Mən heç vaxt elə söz deməmişəm”

55995

Qara Yanvar, Qanlı Yanvar, Ümumxalq Hüzn Gününün baş verməsində kimlərin günahkar olması 32 ildir ki, müzakirə mövzusudur. 20 Yanvar şəhidlərinə görə ittiham olunanlar arasında AMİP-in qurucusu, eks deputat Etibar Məmmədovun olduğu haqqında da zaman-zaman müzakirələr aparılır. İddia isə belədir:

“Guya ki, Etibar Məmmədov həmin vaxt müqavimət istehkamlarına şəxsən gedib, Azadlıq meydanındakı çıxışında rus əsgərlərinə qarşı çıxmaq üçün silahların olduğunu deyib”.
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh müqaviləsi ilə müharibənin nəticələri rəsmiləşdirilməlidir” - Etibar Məmmədov


Bizim.Media ilə özəl müsahibə zamanı Etibar Məmmədov bu suala görə əsəbiləşib və bütün bunların yalan informasiya olduğunu bildirib:

“Mən heç vaxt elə söz deməmişəm”.

AMİP qurucusunun sözlərinə görə, daha əvvəl onun haqqında bu iddia qaldırılmayıb. Amma xatırladaq ki, bu tip xəbər və müsahibələr daha öncəki illərdə müxtəlif KİV-də yayımlanıb. Həmin yazıların əsas məzmunu isə Etibar Məmmədovun qərarlarının radikal olması ilə bağlıdır. Buna baxmayaraq Etibar Məmmədov belə bir iddianın olmasını bir daha təkzib edib. 

Digər mübahisə doğuran məqam isə Etibar Məmmədovun bəyan etdiyi iddia olunan bu iki cümlədir:

“Azərbaycan xalqı sovet əsgərinin ona güllə atacağına inanmırdı. Mən bunu etdim ki, qoy xalq görsün ki, rus qəsibkardır, qəddardır”.

Etibar Məmmədov bu nüansa da hirslənib və çıxışın ona aid olması idialarını rədd edib. Siyasətçi internetdə belə sualların yayılmasını provokasiya cəhdləri kimi dəyərləndirib. Bizim isə borcumuz 1990-cı ilin yanvar hadisələri ilə bağlı insanların beynində qaranlıq qalan bütün suallara cavab tapmaq olduğundan Etibar Məmmədovla söhbət zamanı Lefertova zindanı məsələsini də qabartdıq. O zamankı müqavimət hərəkatının əsas liderlərindən birinə Moskvada nə təklif olunub?

“O barədə gündəliklərim çap olunub. Orada hər şey yazılıb. Nə təklif edəcəklər? Mənə təklif edirdilər ki, cinayət törətdiyinizi etiraf et. Yəni işğalçı qoşunlara müqavimət göstərməyi bunlar cinayət adlandırırdı. Mən də onların təklifindən imtina etdim. Demişəm ki, neyləmişiksə, düz eləmişik. Qoşunlar qanunsuz yeridilib, cinayəti isə sovet rəhbərliyi, ordusu və kommunist partiyası törədib”. 

Həmin illərin digər aktual şayiəsi isə mərhum şair Xəlil Rza Ulutürkə iynə vurularaq efirə çılxarılmasıdır ki, qələm sahibi və xalqın sevimlisi camaata onların sözlərini çatdırsın.

Məlumatsız olduğunu deyən Etibar Məmmədov bu dedi-qodunu ilk dəfə eşitdiyini də əlavə edib. 20 Yanvar mövzusuna qayıdan siyasətçi başqa məsələyə də aydınlıq gətirib. Belə ki, 32 il əvvəlki ehtimallara görə, ruslar Bakıda müqavimətlə rastlaşmasaydılar, 20 Yanvar qətliamlarını paytaxtda həyata keçirtməsəydilər, soyqırım aktlarını Qarabağda yaşayan azərbaycanlılar üzərində törədəcəkdilər.

Bu fikirlə də razılaşmayan Etibar Məmmədov rusların əsl məqsədinin Bakı işğalı olduğunu açıqlayıb:

“Qarabağla heç bir əlaqəsi yoxdur, Bakını işğal etmək istəyirdilər. Etirazlar Qarabağla əlaqədar idi ki, separatçılara qarşı tədbirlər niyə görülmür? 20 yanvar əməliyyatı isə paytaxta yönəlik olub. Məqsəd Bakını işğal etməklə digər ölkələrdəki milli azadlıq hərəkatlarına göz dağı vermək idi ki, “SSRİ-dən ayrılmaq istəyən respublikaları belə cəzalandırırıq”. Hədəflər arasında azadlıq hərəkatını dağıtmaq, zəiflətmək də olub”.

AMİP qurucusunun fikrincə, müqavimət, etirazlar və barrikadaların olması sovet ordusunun daha böyük qırğınlar törətməsinin qarşısını alıb. Yəni onların planı başqaydı: 

- Bakı ətrafında barrikadlar olmasaydı, guya onlar şəhərin ortasında küçə döyüşləri ilə rastalaşacaq və qırğın daha böyük miqyasda olmalıydı. 

20 Yanvar qətliamının əsas günahkarları kommunist partiyası, sovet rəhbərliyi və Azərbaycanın rəhbərliyi olub. Çünki qırğınıların qarşısını almaq üçün ölkə rəhbərliyinin əlində böyük imkanlar var idi. Ancaq hökumət proseslərdən özünü kənarlaşdırdı və Azərbaycan xalqını işğalçı sovet ordusu ilə üzbəüz, təkbətək qoydu”. 

O ki qaldı Etibar Məmmədovun 20 Yanvar hadisələrində özünü günahkar hesab etməsinə:

“Məsuliyyətim olub. Çünki müqavimət hərəkatının çox hissəsinə mən rəhbərlik etmişəm. Günah məsələsinə gələndə isə rəsmi tərəfini deyim ki, məhkəmədə bəraət almışam. Heç bir günahımın olmaması məhkəmədə sübuta yetirilib. Digər tərəfdən isə xalqı işğalçılara qarşı mübarizədə ittiham eləmək ən böyük namussuzluqdur”. 

Etibar Məmmədovun 1990-cı ildə atdığı addımları indiki düşüncə tərzi ilə də təkrarlayıb-təkrarlamayacağı haqqında danışsaq, elə siyasətçinin özündən sitat gətirmək lazımdır:

“Bir dəfə Milli Məclisdəki çıxışımda demişəm ki, indi də, bundan sonra da, mənim övladlarım da ölkəsi işğala məruz qalırsa, buna müqavimət göstərmək onun milli borcu və vəzifəsidir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin